“Separatçı rejimin rəhbərləri istintaqda bülbül kimi ötürlər və birbaşa Paşinyanı suçlayırlar”.
Musavat.com xəbər verir ki, bunu TV Musavat-ın efirində “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu deyib.
Mötəbər mənbəyə istinad edən Rauf Arifoğlu vurğulayıb ki, Xankəndidəki hərbi arxivin tamamı Azərbaycan dövlətinin əlindədir:
“Bu arxivlərin bir hissəsi hələ Vətən müharibəsindən öncə bizim əlimizdə olub. Maliyyə, siyasi, hərbi arxivlərin dövlətimiz tərəfindən təhlilləri həyata keçirilir və nəticələr üzə çıxır. Qarabağda oturan separatçının Azərbaycana “kafa tutmağa” gücü çatmaz. Doğrudur, onlar müharibə caniləridir. Ancaq əsas Ermənistan dövlətidir və tapşırıq da oradan gəlir. Paşinyanı bəzən demokrat deyə öyürlər. Onu bu adla Avropa Şurasında da təqdir edirlər. Ancaq dövlətimizin əlində olan arxivlər onu göstərir ki, Azərbaycana qarşı bütün əməliyyatların qərarını Paşinyan verib, imzalayıb. O cümlədən Bərdənin, Gəncənin vurulmasını da. Raketlərin demək olar ki, 90 faizi Ermənistan ərazisindən atılıb. Hərbi arxivlərin təhlili nəticəsində o da bəlli olur ki, 2020-ci il Tovuz döyüşlərinin əmrini verən də birbaşa Paşinyan olub. İndi isə demokrat qılığına girib. Sülhü də uzadan Paşinyandır. Erməni terrorundan, Avropa Birliyindən çəkinir. Yəni sülh müqaviləsinin imzalanmamasının əsas səbəbkarı elə Paşinyandır”.
Bəs nə üçün Paşinyan müharibəni Tovuzdan başlamaq istəyib?
Rauf Arifoğlu qeyd edib ki, hərbi arxivlərə görə, üzə çıxıb ki, Paşinyan Azərbaycanın Qarabağ istiqamətindən hərbi əməliyyatlara başlayacağını ehtimal edib:
“Ona görə də yayındırıcı əməliyyat olaraq Tovuz, Gədəbəy istiqamətindən hücuma keçiblər. Ancaq gözlədiklərinin əksi olaraq ciddi əks-hücumla üzləşiblər. Paşinyanda olan məlumata görə, həmin istiqamətdə mövqelərimiz zəif olmalı imiş. Erməni əfsanəsinə (ordumuz məğlubedilməzdir) Paşinyanı da inandırıblar və sonu bəllidir”.
Rauf Arifoğlu onu da bildirib ki, son 3 ildə Qarabağa gedən mina, silah və digər hərbi avadanlıqları da Paşinyan göndərib, təşkil edib.
Musavat.com