Müharibələr zamanı əsirlərin saxlanılması, onlarla davranış bütün dövrlərdə beynəlxalq təşkilatlarda müzakirə mövzusuna çevrilib.
İkinci Dünya müharibəsi zamanı da dünya ictimaiyyəti bu məsələyə həssaslıq nümayiş etdirib. Amma tarixi faktlardan göründüyü kimi, əsirlərə qarşı olan münasibət heç də müəyyən olunmuş norma və qaydalara cavab verməyib. Bu sırada Yaponiya xüsusilə fərqlənib. 1929-cu ildə hərbi əsirlərlə davranışla bağlı Cenevrə konvensiyasına qoşulmayan Yaponiya İkinci Dünya müharibəsi dövründə də əsirlərlə istədiyi kimi rəftar edib.
Müharibə dövründə Yaponiyanın əsir düşərgələrindən 100 minlərlə hərbçi keçib. Bu rəqəmə Çindən olan əsirlər daxil deyil. Onların sayı o qədər çox olub ki, rəqəmi dəqiq müəyyənləşdirmək mümkün olmayıb. Statistik məlumatlara görə, Yaponiyada təkcə məhv edilən çinli əsirlərin sayı 300 mini ötüb.
Yaponların ən dəhşətli düşərgələrindən biri 731 nömrəli dəstə adı altında fəaliyyət göstərib.
Bu düşərgə Çinin işğal olumuş Pinfan qəsəbəsində salınıb. 731 nömrəli dəstə sırf tibbi-bioloji sınaqların keçirilməsi üçün nəzərdə tutulub.
Qeyd edək ki, Yaponiyada bakterioloji silah yaratmaq ideyası hələ XX əsrin əvvəllərində yaranıb. Bu ideyanı reallaşdırmaq isə 1930-cu illərin əvvəllərində mümkün olub. Bu işi öz üzərinə yapon alimi, mikrobioloq və sonralar yapon ordusunun generalı Siro İsi götürüb.
Bu məqsədlə o, əvvəlcə Avropanın bakterioloji laboratoriyalarını gəzib, müəyyən təcrübə toplayıb. Yaponiyaya döndükdən sonra Siro İsi ölkənin rəsmi dairələrinə araşdırmaları ilə bağlı məktublar ünvanlayıb və aşağıdakıları xüsusi olaraq qeyd edib:
“Bioloji silahlar Yaponiya imperiyasına böyük üstünlük qazandıra bilər. Artilleriya mərmilərindən fərqli olaraq onlar insanları anındaca və sükut içərisində məhv etməyə qadirdirlər…”
Ətraflı, geniş və elmi cəhətdən əsaslandırılmış məruzə Yaponiyanın hərbi naziri Sadao Arakinin diqqətini cəlb edib və o, Yaponiya hakimiyyəti ilə bu məsələni geniş müzakirə edərək bioloji silahların hazırlanması üçün xüsusi bir qurumun yaradılmasına qərar verib, büdcədən vəsait ayırıb.
Beləliklə, 1932-ci ildə Çinin işğal edilmiş Pinfan qəsəbəsində Yaponiya ordusunun 731 saylı xüsusi dəstəsi yaradılıb. Dəstənin əsas məqsədi kütləvi qırğın silahları yaratmaq olub. Xüsusi dəstəyə birbaşa general rütbəsi alan Siro İsi başçılıq edib.
731 saylı xüsusi dəstədə 3600 nəfər xidmət edib. Onlardan 52 nəfəri cərrah, 49-u mühəndis, 38-i tibb bacısı, 1117-i hərbi həkim, digərləri isə xidməti personalın üzvləri olub. Bu dəstədə xidmət etmək prestijli iş sayılıb, Yaponiyanın tanınmış həkimləri və bioloqları bu qurumda çalışmağa can atıblar.
Dəstənin dislokasiya yerində 150 bina inşa edilib, bununla yanaşı, ərazidə həbsxana da tikilib, aerodrom salınıb.
Hərbi təyinatlı obyektin ərazisində həbsxananın tikilməsi burada üzərində təcrübə aparılacaq adamların saxlanılması üçün nəzərdə tutulub. Bəli, təcrübələr məhz canlı insanların, əsirlərin, girov götürülmüşlərin üzərində aparılıb.
General Sironun elmə məlum olan və olmayan təcrübələri bəlkə də dünyanın heç bir vaxtında və heç bir yerində insanlar üzərində tətbiq edilməyib. O, əvvəlcə insanların dözümlülük dərəcələrini araşdırıb.
İnsanın maksimum hansı soyuq və istiliyə, mənfi və müsbət temperatura dözümlülüyünü sınaqdan keçirib. Belə ki, əsirlər xüsusi kameralara salınıb və kameralara isti və ya soyuq hava kütləsi buraxılıb. Kamerada olan şəxs ölənə qədər temperatur müsbət, yaxud da mənfi tərəfə tənzimlənib. Bununla da insanın hansı mənfi və müsbət dərəcələrə qədər dözümlülüyü aydınlaşıb.
Daha bir təcrübə insan qanını heyvan qanı ilə dəyişməkdən ibarət olub. General Sironun cəllad dəstəsi insanların qanını heyvan qanı ilə dəyişdikdən sonra onların bədənlərini yararaq hansı bioloji proseslərin getdiyini müşahidə ediblər.
Dəstədə insan ölümünə səbəb ola biləcək bütün zəhərli maddələr sınaqdan keçirilib, onların qida, su və hava yolu ilə insana təsiri öyrənilib. Bu məqsədlə Sironun komandası 10 min nəfərdən artıq insanı ən ağır işgəncələrlə təcrübə qurbanına çevirib.
Dəstənin iş məhsuldarlığı yetərincə yüksək olub. Ehtiyat bioloji silahların miqdarı o qədər olub ki, onları tətbiq etməklə dünyanın bütün canlı varlıqlarını məhv etmək mümkün sayılıb.
II Dünya müharibəsinin sonlarında Yaponiya bioloji silah tətbiqi üçün SSRİ-nin Uzaq Şərq və Sibir bölgələrini hədəf seçib, amma SSRİ və müttəfiqləri buna imkan verməyiblər.
731 saylı xüsusi dəstənin fəaliyyətinə 9 avqust 1945-ci ildə son qoyulub. Sovet qoşunlarının Mancuriya əməliyyatı zamanı Yaponiya hakimiyyəti general Siroya dəstənin dağıdılması, əsirlərin, dəstəyə məxsus olan sənəd və əşyaların yandırılması göstərişini verib. General ən vacib saydığı sənədləri götürdükdən sonra dəstənin bütün tikililərini, o cümlədən əsirlərin saxlandığı həbsxananı yandırıb.
General Siro 1946-cı ildə ABŞ hərbçiləri tərəfindən saxlanılıb. Uzun danışıqlardan sonra Siro ilə amerikalılar ümumi dil tapıblar. Siro Amerika alimləri ilə təcrübə mübadiləsi edəcəyini vəd edib. SSRİ ABŞ-dan general Sironu tələb edəndə Amerika rəsmiləri onun hərbi cinayətkar olmadığını bildirib və Siroya təcrübələrini davam etdirmək üçün öz ölkələrində şərait yaradıblar.
Dəstədə xidmət edən 3600 nəfərdən yalnız 12 nəfəri SSRİ-nin əlinə keçib və Xabarovsk məhkəməsində yaponiyalı hərbi cinayətkarlar 15-25 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.
General Siro isə ABŞ-da öz elmi yaradıcılığını davam etdirib. Amma bu dəfə yaponlar üçün deyil, amerikalılar üçün. O, sonralar Yaponiyaya qayıdıb. Ağ xalatlı cəllad 1969-cu ildə, 67 yaşında onkoloji xəstəlikdən ölüb.
İlham Cəmiloğlu,
Musavat.com