20 nəfərə hökm oxundu - 3-ü azadlığa buraxıldı

Qanunsuz narkotik dövriyyəsi, qaçaqmalçılıq və cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırmaqda ittiham edilən 20 nəfərin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Dəstə üzvlərinin hamısının işinə Bakı Ağır Cinayətlər Məhkəməsində eyni icraatda baxılıb.

Faiq Qəniyevin sədrlik etdiyi hakimlər heyəti sonuncu iclasda müttəhimlərin hər biri haqda ittihamedici hökm çıxarıb.

Hökmə əsasən, yalnız 3 nəfərə həbslə bağlı olmayan cəza verilib. Onlar məhkəmə zalından azadlığa buraxılıblar. 17 nəfərə isə 9 ilə kimi azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər 2021-ci ildə xüsusi əməliyyatla həbs ediliblər. İri həcmli iş üzrə məhkəmə araşdırması da uzun müddət davam edib.

İttihama görə, ölkə daxilində narkotik vasitələrin satışından əldə olunan pul vəsaitlərinin toplanaraq deyilən ünvanlara çatdırılmasına Fərqanə Nağıyeva rəhbərlik edib. Onun həyat yoldaşı Adəm Nağıyev, eləcə də dəstəyə daxil olan daha 18 nəfər - Əli Ağayev, Abbas Məhərrəmov, Naib Abdullayev, Rüzgar Qəribov, Rəhim İbrahimov, Kamil Məmmədov, Əminə Yusifova, Cavid İsmayılov, Məcid Hüseynov, Orxan Cəfərov, Orxan Fərəcli, Yavər Həsənov, Elman Əliyev, Əliqulu Bayramov, Orman Səfərov, Mirsəid Əliyev, Ramiz Nağıyev və Toğrul Əbdüləzimov ölkə ərazisində müxtəlif şəxslərə aid narkotik vasitələrin satışı zamanı istifadə edilən 2 minə yaxın kart hesabı açıblar.  (Qafqazinfo)

16.03.2024 19:35
1763