“2 milyon ABŞ dollardan artıq pul almağımı etiraf edirəm” – Müttəhim danışdı

 

Bakı Ağır Cinayətlər Məhkəməsində  Cahangir Musulat oğlu Qəmbərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Cahangir Qəmbərov biznes qurmaq adı ilə 2 milyon manatdan çox pulu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur.

Musavat.com xəbər verir ki, Cahangir Qəmbərov Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur. Hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə 5 nəfər zərərçəkmiş qismində tanınıb. Müttəhim zərərçəkənlərdən  Əhməd Aydın oğlu Mütəllimovdan 1 milyon 470 min 751 manat, Tamerlan Elman oğlu Rəşidovdan 581 min 436 manat, Liliya Talxovna Mixievadan 136 min manat, Aqif Çingiz oğlu Əhmədovdan 3 min 400 manat, Hacıbala Qasım oğlu Məlikovdan isə 2 min 400 manat alaraq yalan vəd verməklə dələduzluq edib. İttihama görə, Canahgir Qəmbərov adı zərərçəkmiş qismində keçən şəxslərdən 3 nəfərə söz verib ki, onlara İran İslam Respublikasından sənaye xammalı olan “PVS” (kroşka) alaraq Azərbaycana gətirəcək. Azərbaycanda həmin xammal məhsulu ilə elektrik örtükləri istehsal edərək baha qiymətə satacaq və əldə olunan yüksək gəlirə onları da özünə şərik edəcək. Həmçinin Əhməd Mütəllimova “PVS” məhsulundan başqa “DOP” yağını idxal edə biləcəyini də söz verib. Cahangir Qəmbərov  Əhməd Mütəllimovu Abşeron rayonu, Məhəmmədi kəndində zavod açıb elektrik kabel örtüyünü istehsal edərək yüksək qiymətə sataraq əldə olunacaq qazanca onu da şərik edəcəyinə dair yalandan vəd verərək aldadıb.

İttiham aktında göstərildiyi kimi, Əhməd Mütəllimov Cahangir Qəmbərova verdiyi pulların ödənişlərinə dair invoice qəbzlərinin surətlərini, saxta sənədləri, səs yazılarını istintaqa təqdim edib.

Məhkəmə zalında ifadə verən Cahangir Qəmbərov bildirib ki, 2012-ci ildən elektrik kabellərin satışı ilə məşğul olub: “2016-cı ildə bu iş üzrə zərərçəkmiş olan Liliya Muxievanın həyat yoldaşı Qəriblə tanış olmuşam. O, mənə PVS biznesi üçün 80 min dollar pul verib. Həmin pulu biznesə qoymuşam. Qəribə xeyir olaraq 40-45 min dollar pul vermişəm. Tamerlan evini ipotekaya qoyub mənim adıma 200 min dollar pul çıxarıb, o pula mənim əlim belə dəyməyib. Həmin pulu da biznesə yatırmışam.  Tamerlana 70 min dollara yaxın xeyir vermişəm. Əhməd Mütəllimovdan isə 2 milyon ABŞ dollardan artıq pul almağımı etiraf edirəm. Onunla çox yaxın biznes əlaqələrimiz olub. Hacıbala Məlikova məxsus telefon dükanından 2400 manatlıq nisyə telefon götürmüşdüm, onu da evimdəkilər veriblər”.

Proses iyulun 23-də davam etdiriləcək.

 

E.MƏMMƏDƏLİYEV, 

Musavat.com

10.07.2024 11:40
1626