Dekabrın 9-da saat 21 radələrində Masallıda iki gəncin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Musavat.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, avtomobilin vuraraq öldürdüyü 20 yaşlı İslam Əliyev və 17 yaşlı İsa Cavadov hadisə vaxtı yolun kənarındakı mağazadan çıxırmış.
Belə ki, İslam işlədiyi marketdən çıxaraq tanışı İsa ilə birgə yolu keçərkən Türkoba kənd sakini Qorxmaz Hüseynov idarə etdiyi “Toyota Corolla” markalı avtomobillə onları vurub. Nəticədə hər iki gənc hadisə yerində ölüb.
Bildirilir ki, qəzada həyatını itirən İslam Əliyev həm də gənc şair olub, onun şeirləri bir neçə dəfə mətbuatda dərc edilibmiş.
Hadisədən sonra ətraf kəndlərin sakinləri Lənkəran-Boradigah-Masallı yolunun bu ərazidən keçən hissəsində sürət həddi ilə bağlı problemlərin olduğunu və tez-tez qəzaların baş verdiyini bildiriblər. Sakinlər əraziyə radar quraşdırılmasının vacibliyini vurğulayıblar.
Fotoda İslam Əliyev