2 dəfə döyülən vətəndaş Səbail Məhkəməsindən ədalət gözləyir - işdə Vasif Məhərrəmlinin adı hallanır

“Mənə qarşı bir-biri ilə əlaqəli iki cinayət törədilib. 2019-cu ildən bu yana ədalətin bərpa olunmasını, mənə qarşı qrup halında törədilmiş cinayətin tam şəkildə araşdırılmasının təmin edilməsini xahiş edirəm. Bu günə qədər 2 vəzifəli şəxs – baş prokurorun 1-ci müavini Elçin Məmmədovla Bakı Şəhər Baş Polis İdarəsində general Zaur Abdullayevdən vəzifələrinə uyğun davrandıqlarını gördüm. İş üzrə 4 dəfə təhqiqat aparılıb, sonradan aparılan istintaq da işin hərtərəfli araşdırılmasına gətirib çıxarmayıb”.

Bu sözləri Musavat.com-a Azərbaycan vətəndaşı Əfqan Tarverdiyev deyib.

Onun sözlərinə görə, ali təhsilli mütəxəssis olaraq uzun illər zavodlardan birində mühəndis vəzifəsində çalışıb. Sonradan çalışdığı zavod bağlanıb və işsiz qalıb. Məcbur olub xırda ticarətlə məşğul olmaqla ailəsini saxlayıb. 2019-cu ilin fevralında xırda ticarətlə məşğul olduğu zaman Ziyafət Vidadi qızı Kosayeva ilə yolu kəsişib:

“Malların arasından birini gizlin götürmüşdü. Mən də tələb etdim, qaytarıb verdi. Evdə baxdım ki, malın biri də yoxdur. Səhər yenə də onun işlətdiyi təndirxanaya getdim, malı oğurladığını demədim ki, söz-söhbət olmasın. Dedim ki, deyəsən, malın biri də burada, yəni təndirxanada qalıb. Ziyafət Kosayeva da dedi ki, ola bilər və sabah gəlib malı apara bilərəm. Növbəti gün gələndə isə səs-küy saldı, malı vermədi. Görəndə ki, malı qaytarmasını tələb edirəm, əlinə təndirdən çörək çıxarılması üçün istifadə olunan dəmiri götürüb qoluma çırpdı. Yerimdən tərpənməyib malımı tələb etdim. Bu zaman yaxınlıqdakı kafedə işləyən Mahmud gəldi, həmin vaxt Kosayeva dəmirlə başıma da zərbə vurub yardı”.

Zərərçəkmiş deyir ki, baş verənlərlə bağlı ərazi üzrə hüquq-mühafizə orqanına müraciət edib: “Ziyafət Kosayeva tez-tez müğənni Vasif Məhərrəmlinin adını hallandırır və ona heç nə edə bilməyəcəyimi deyir. Bu məsələ araşdırıldığı vaxtda mənə barışıq təklif olundu və vurulmuş ziyanın ödənməsinə cəhd edildi. Mən də dedim ki, ədalətin bərpa edilməsini istəyirəm, qadına cəza verin, bilsin ki, qanunsuzluq etmək olmaz”.

Zərərçəkmişin sözlərinə görə, bu məsələnin təhqiqatı uzandığı bir vaxtda olayın baş verdiyi əraziyə yaxın kafedə dostu ilə oturublar: “Dostum ustadır, çörək yediyimiz zaman ona zəng gəldi, iş dalınca getdi. Həmin vaxt Mahmud Məmmədov da kafedə idi. Dostum gedəndən sonra gəlib yaxın masada oturdu. Söhbət mənimlə Kosayeva arasında olan söz-söhbətdən düşdü. Ona mübahisə ilə bağlı təhqiqata verdiyi yalan ifadəsini xatırlatdım, yaxşı iş görmədiyini, yalançı şahidlik etdiyini irad bildirdim. Dedi ki, bu dəfə başıma pivə bakalı çırpacaqlar, mallarımdan birini yox, üçünu götürəcəklər, özümü də aparıb tualetə atacaqlar, deyəcəklər ki, içkili olmuşam, tualetdə yıxılmışam, başım yarılıb. Belə də etdilər. Kosayeva haradansa kafeyə gəlib çıxdı, başıma pivə bakalı çırpdı və qalanını da dedikləri kimi etdilər. 8 saat kafedə huşsuz qalmışam. O vaxt ailə üzvlərim məni axtarıblar. Özümə gələndən sonra Mahmud Məmmədovu başımın üstündə görmüşəm. Demişəm ki, məni niyə bu kökə saldız. Gözümə yumruqla zərbə endirib.

Mən bu günə qədər hər iki cinayətin eyni icraatda araşdırılmasını tələb etsəm də, araşdırma aparılmayıb və iş bu şəkildə Səbail Rayon Məhkəməsinə ötürülüb. İş üzrə şahid ifadələri saxtalaşdırılıb. Mənim başıma pivə bakalını çırpan Ziyafət Kosayevadır. Yumruqla vuran Mahmud Məmmədovdur. 3 malımı oğurlayan isə bir başqa şəxsdir. Mənə qarşı cinayət qrup şəklində törədilib. Lakin bu gün ortada yalnız Mahmud Məmmədov var. Hakim Ülviyyə Şükürova heç bir vəsatətimi təmin etmir. Ona və bütün Səbail Rayon Məhkəməsinin tərkibinə etiraz verdim, lakin yenə də təmin etmədilər. Məhkəmə Hüquq Şurasına da müraciət etmişəm. Xahiş edirəm ki, bu işi ibtidai istintaqa qaytarsınlar və yenidən araşdırsınlar”.

Əfqan Tarverdiyev Daxili İşlər Nazirliyinin rəhbərliyinə müraciət edərək ona qarşı törədilmiş cinayətin bütün iştirakçılarının qanun qarşısında cavab vermələrinin təmin edilməsini xahiş edir.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

31.10.2023 17:06
1054