18 dəfə məğlub olan, 17 dəfə dəfn edilən 16-cı prezident

Onu 17 dəfə dəfn ediblər, 6 dəfə isə tabutu açılıb. Bu, dəfn olunduğu yerin təmiri və məzarının təhlükəsizliyinin təmin olunması üçün edilib. Nəhayət, 1901-ci ildə, 36 ildən sonra Avraam Linkolnu bir daha “narahat” etməyiblər. Sabiq prezident İllinoys ştatında dəfn olunub.

Aparılan ənənəvi rəy sorğularına görə, Avraam Linkoln Amerika Birləşmiş Ştatlarının tarixində ən yaxşı prezidentlərdən biri sayılıb. Amerika xalqının milli qəhrəmanı, 16-cı prezident Linkoln prezidentliyi dövründə ölkəsinin tarixində bir çox mühüm məsələlərin və problemlərin həlinə uğurla nail olması ilə yadda qalıb. Amerikada quldarlığın bütövlükdə ləğv olunması məhz onun adı ilə bağlıdır. Onun prezidentliyi dövründə cənub ştatları Amerika Konfederativ Statları adı altında birləşərək Amerikanın tərkibindən çıxmaq istəsələr də, dörd il davam edən müharibə prezident Avraam Linkolnun siyasi məharəti nəticəsində ABŞ-ın qələbəsi ilə nəticələnib, ölkənin parçalanmasının qarşısı alınıb.

LİN.jpg (77 KB)

Linkoln kasıb fermer ailəsində böyüyüb. O, erkən yaşlarından valideynlərinə kömək etmək məqsədi ilə fiziki əməklə məşğul olub. Maddi çətinlik ucbatından məktəbdə yalnız bir il təhsil alıb. Bu dövrdə o, oxumağı, yazmağı öyrənə bilib, kitablara böyük maraq göstərib. Artıq yeniyetməlik dövründə Linkoln sərbəst qazanc dalınca gedəndə təhsil almaq haqqında düşünməyib. Bəzi mənbələrin yazdığına görə, həmin dövrdə o, yalnız iki kitab oxuyub, “Bibliya” və “Robinzon Kruzo”.

Gənc yaşlarına çatanda Avraam Linkoln ciddi şəkildə hüquqi ədəbiyyatla maraqlanıb, vaxtının əsas hissəsini hüquqi bilgilərini artırmağa sərf edib və imtahan verərək hüquqşünas-vəkil fəaliyyəti ilə məşğul olmaq üçün rəsmi icazə eldə edib. Ölkədə köləlik və quldarlığa qarşı mübarizəyə başlayan Linkoln Respublikaçılar Partiyasının qurucularından biri olub.

Avraam Linkoln prezident olana qədər 18 dəfə müxtəlif seçkilərdə məğlubiyyətə uğrayıb. Nəhayət, 1860-cı ildə Respublikaçılar Partiyasının vahid namizədi olaraq prezident seçilib. O, Amerika prezidentlərinin arasında ən hündürboylusu olub. Boyu 193 sm olmasına baxmayaraq, Linkoln uzun şlyapa qoymağı ilə daha da hündür görünüb. Maraqlı faktlardan biri odur ki, o, bu şlyapanı təkcə dəb naminə qoymayıb, prezident həmin şlyapanın içərisində məktub, vacib qeydlərini və pulunu saxlayıb.

LİN 2.jpeg (65 KB)

Linkoln mahir siyasətçi olmağı ilə yanaşı, həm də həssas yumor hissinə malik olmağı ilə fərqlənib. Prezident olduğu dövrdə siyasətçilərdən biri ona “siz ayaqqabılarınızı özünüz təmizləyirsiniz?” kimi sərsəm bir sual verəndə, prezidentin çox maraqlı cavabı olub:

“Bəli, mən öz ayaqqabılarımı özüm təmizləyirəm, bəs siz kimin ayaqqabılarını təmizləyirsiniz?”

Avraam Linkolnun saqqal saxlamağının da qəribə tarixçəsi var. Qreys adlı 11 yaşlı amerikalı qız 1860-cı ildə ona məktub yazaraq saqqal saxlamağını xahiş edib. Linkoln onun xahişini yerə salmayaraq saqqal buraxıb.

Avraam Linkoln texnikaya böyük həvəs göstərib. Öz dövründə yeni kəşf olunan texniki avadanlıqlarla, onların iş prinsipləri ilə yaxından tanış olub.

LİN SON.jpg (99 KB)

Dörd oğul atası olan prezidentin övladları tərəfindən bəxti çox da gətirməyib. Belə ki, onlardan yalnız biri, Robert çox yaşayıb. Digər üçü dörd, on bir, on dörd yaşlarında dünyalarını dəyişiblər. Şimal və Cənub müharibəsinin qalibi kimi Amerika tarixinə düşən Avraam Linkolnun şəkli 5 dollarlıq əsginasda əks olunub. Raşmor dağında təsviri həkk olunan 4 prezidentdən biri də məhz Avraam Linkolndur.

Linkoln qətlə yetirilməmişdən bir neçə gün əvvəl ölümünü yuxuda görüb və bu yuxunu mühafizəçisinə də danışıb. 15 aprel 1865-ci ildə Avraam Linkoln teatrda tamaşaya baxarkən həmin teatrın aktyoru Con Uilks But tərəfindən qətlə yetirilib. Qətl siyasi xarakter daşıyıb. Tamaşanın ən səsli-küylü səhnəsində prezidentə atəş açan But həmin andaca binanı tərk edərək qaçmağa nail olub. Qısa bir müddətdən sonra onun fermada gizləndiyi müəyyənləşdirilib. Ferma mühasirəyə alınanda But təslim olmaq istəməyib. Buna görə də ferma yandırılıb və saysız-hesabsız açılan atəşlər Butun həyatına son qoyub. Beləliklə də Avraam Linkoln qətlə yetirilmiş ilk ABŞ prezidenti olub.

İlham Cəmiloğlu,
Musavat.com

16.01.2024 12:42
2759