15 il Moskva DTK-sına rəhbərlik edən general – o, yalnız Brejnevlə hesablaşıb


Leonid Brejnevin hakimiyyəti dövründə dövlət təhlükəsizliyi orqanlarına yüksək vəzifələrə təyinat məsələsi mütləq şəkildə Mərkəzi Komitə ilə razılaşdırılıb. Təkcə DTK sədrinin müavinləri deyil, o cümlədən ayrı-ayrı diyar və vilayətlərin DTK rəislərinin təyinatına da Kremlin razılığı vacib sayılıb. Elə 1971-ci ildə Moskva şəhər və vilayət Dövlət Təhlükəsizliyi İdarəsinə Viktor Alidinin təyin edilməsi də Brejnevin təşəbbüsü ilə olub.

Baş katibin Moskva DTK-sına rəis seçimi təsadüfi olmayıb.  Viktor Alidinlə Brejnevin tanışlığı çox-çox əvvəllərdən başlayıb - hər ikisi Ukraynada partiya orqanlarında çalışdığı illərdən.

Qeyd edək ki, 1911-ci ildə Tverin Kimrı rayonunda anadan olan Alidin vəzifə karyerasına komsomol orqanlarından başlayıb. Sovet-alman müharibəsi başlananda o, partizan hərəkatının yaradılmasında və səfərbərlik məsələlərində ən fəal kommunistlərdən biri kimi tanınıb. 1941-ci ilin sentyabrında çağırışçıları döyüş bölgəsinə aparanda Alidin düşmən mühasirəsinə düşüb. Bir ay mühasirədə qaldıqdan sonra həmin ilin oktybar ayında Alidin özü ilə bərabər 128 nəfəri mühasirədən çıxarmağa nail olub.

2020-02-15_08-07-00.png (354 KB)

1951-ci ilə qədər Viktor Alidin Ufa, Kiyev, Xersonda partiya komitələrində müxtəlif vəzifələrdə işləyib. Mərkəzi Komitə yanında Ali Partiya Məktəbini bitirib. 

1951-ci ilin iyul ayında Mərkəzi Komitənin təqdimatı ilə Viktor Alidin dövlət təhlükəsizliyi orqanlarına xidmətə göndərilib. Əvvəlcə “NKVD”-nin 7-ci idarəsinin rəis müavini, 1954-cü ildə qurum DTK-ya çevriləndə şöbə rəisi, 1959-cu ildə isə 7-ci idarənin rəisi vəzifəsində xidmət edib. 1967-ci ildə DTK-ya sədr təyin edilən Yuri Andropovun mühafizə xidmətini məhz Viktor Alidin təşkil edib.

1971-ci ildə Viktor Alidin Moskva şəhər və vilayət Dövlət Təhlükəsizliyi İdarəsinə rəis təyin edilib, SSRİ DTK-sı kollegiyasının üzvü seçilib. Andropov Viktor Alidini bacarıqlı və peşəkar kadr kimi qiymətləndirsə də onun bu vəzifəyə təyinatını arzulamayıb. Səbəb isə o olub ki, Viktor Alidinlə Brejenvin arasında yaxın münasibətlər hökm sürüb.

alidin_v_i_02.jpg (30 KB)

Viktor Alidin struktur baxımdan birbaşa Andropova tabe olsa da, bu tabeçilik sırf arayış xarakteri daşıyıb. Alidin bütün məsələləri birbaşa Brejnevlə müzakirə edib, yalnız baş katiblə hesablaşıb.

Viktor Alidin sonralar öz xatirələrində bu münasibətlər haqqında yazıb:

“Mənim Andropovla həm xidməti, həm də şəxsi münasibətlərim normal idi. Ancaq mən onu da bilirdim ki, mənim Brejnevlə münasibətim onu narahat edir. Moskva DTK-sına rəis təyin edildiyimdən bir neçə gün sonra Brejnev məni qəbuluna dəvət etdi. Kabinetə girəndə iş stolunun arxasından çıxıb məni qarşıladı, əl tutdu, köhnə dostlar kimi qucaqlaşıb öpüşdük. Məni təbrik edəndən sonra o, ölkədəki siyasi vəziyyətdən danışdı:

-Viktor İvanoviç, hər şey biz istədiyimiz kimi deyil. Mənim siyasi fəaliyyətimlə barışmayanlar da var. Vəziyyət təxminən 50-nin 50-yədir. Vaxtilə yaxın olduğum adamlardan da gözlənilməyən münasibət görürəm hərdən. Bunlar məni çox təəssüfləndirir. Sən də belə məsələlərə qarşı diqqətli ol...

O, açıq şəkildə bəzi məmurların adlarını da çəkdi, xüsusilə Şelepinin “fəal komsomolçuları”nın adını da vurğuladı...”

Brejnev bu görüşdə Viktor Alidinə onunla istədiyi vaxt görüşmək səlahiyyəti də verib.

281560_19_i_048.jpg (128 KB)

Viktor Alidin Moskva şəhər və vilayət Dövlət Təhlükəsizliyi İdarəsinə düz 15 il rəhbərlik edib, general-polkovnik rütbəsinə qədər yüksəlib. Bu dövr bu gün də “Alidin epoxası” adlandırılır.

Viktor Alidin ilk dəfə Moskvada terrorçuların Yak-40 sərnişin təyyarəsini qaçırmaq cəhdinin qarşısının alınmasında əməliyyata rəhbərlik edib və həmin əməliyyat uğurla sona çatıb. Dəfələrlə xarici ölkə kəşfiyyatının Moskvadakı fəaliyyəti məhz Viktor Alidinin peşəkarlığı sayəsində ifşa olunub. 1980-ci ildə Moskvada keçirilən Olimpiya oyunlarında təhlükəsizliyin təmin edilməsində Viktor Alidinin əvəzsiz xidmətləri olub və buna görə DTK generalı dövlət mükafatına layiq görülüb.

General SSRİ-nin ən yüksək 58 orden və medalı ilə təltif olunub.

1986-cı ildə istefaya çıxan general ömrünün son illərinə qədər yaradıcılıqla məşğul olub, 6 kitabı işıq üzü görüb. “Dövlət təhlükəsizliyi orqanlarının əfsanələri” silsilə filmlərinin biri də məhz Viktor Alidinə həsr edilib.

Ömrünün son günlərinə qədər həmişə gümrah görünən Viktor Alidin 2002-ci ildə, 90 yaşında vəfat edib.

İlham Cəmiloğlu, Musavat.com

02.06.2024 15:43
2402