İlk yayım saatı: 13.10.2024, saat 15:43
13 oktyabr - dəmiryolu işçilərinin peşə bayramı günüdür. Bu bayram Prezident İlham Əliyevin 2005-ci il 7 oktyabr tarixli Sərəncamı ilə təsis edilib. Azərbaycanda yük və sərnişin daşımalarını həyata keçirən dəmiryolu nəqliyyatının yaranma tarixi XIX əsrin sonlarına təsadüf edir. İlk xəttin istifadəyə verildiyi 1880-ci ildən bu günə qədər dəmir yolları ölkəmizin iqtisadiyyatında, mədəniyyətində, əhalinin gündəlik həyatında önəmli rol oynamaqda davam edir.
144 illik önəmli bir dövrü əhatə edən Azərbaycan dəmiryolu çox əzəmətli fəaliyyət yolu keçib. Bu yol ümummilli lider Heydər Əliyevin qayğı və diqqəti sayəsində keçən əsrin 70-80-ci illərində öz tərəqqisinin zirvəsinə çatıb. Onun rəhbərliyi ilə ölkəmizin nəqliyyat sistemi daim diqqət mərkəzində saxlanılıb, ən böyük çeşidləyici stansiya olan “Şirvan” stansiyası, Yevlax-Balakən, Güzdək-Qaradağ dəmiryolu xətləri inşa edilərək istismara verilib. Dəmiryolu vasitəsilə daşınan yüklərin həcmi həmin dövrlərdə 80-90 milyon tona çatdırılıb.
Orta Dəhlizin vacib seqmenti: BTQ
Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən müasir dövrün iqtisadi islahatları Azərbaycan dəmiryolunun tərəqqisinə də öz müsbət təsirini göstərib. Tbilisidə xalqlar arasında körpü rolunu oynayan Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu layihəsi ilə bağlı sazişin 2007-ci il fevralın 7-də imzalanması tarixi hadisə idi. Bu layihə Xəzər hövzəsi regionunun və Mərkəzi Asiya ölkələrinin Avropa ilə bilavasitə nəqliyyat əlaqələrinin qurulmasına, yük və sərnişinlərin Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə birbaşa Avropaya çıxışına və ölkəmizin Avropaya inteqrasiyası prosesinin sürətləndirilməsi məqsədi daşırıyırdı.
Bu gün də Orta Dəhlizin vacib seqmenti hesab olunan Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə əhəmiyyətli yükdaşımaları həyata keçirilir. Belə ki, dəmir yolu xəttinin Gürcüstandan keçən 184 kilometrlik hissəsində aparılan təmir-genişləndirmə işləri 2024-cü ildə yekunlaşdırlıb və mayın 20-sindən etibarən BTQ dəmir yolu xətti üzrə yükdaşımalara start verilib. Genişləndirmədən sonra BTQ-nin illik yükdaşıma gücü 1 milyon tondan 5 milyon tona çatıb. İndi ADY modernləşdirilmiş BTQ dəmir yolu xətti ilə Mərkəzi Asiyadan, bütövlükdə isə Asiyadan Qərb istiqamətinə və əks istiqamətə göndərilən yüklərin böyük hissəsini daşımağa, yükdaşımalar üzrə beynəlxalq səviyyədə rəqabət aparır.
Transformasiya prosesinin təkmilləşməsi
Son illər ərzində ADY bir qurum kimi köklü dəyişikliklərdən, başqa sözlə transformasiyadan keçir. Transformasiya nəticəsində ADY-nin əsas uğurlarından biri şirkətin artıq öz vəsaitləri hesabına iri investisiya layihələrini həyata keçirməsidir. Xərclərin optimallaşdırılması və əlavə gəlirlərin təmin edilməsi sayəsində ADY öz vəsaiti ilə 2023-cü ildə 35 milyon manat investisiya edib. Misal üçün, 16 km yolda rels dəyişdirilib. Keşlə, Biləcəri stansiyalarında, Yeni Suraxanı-Suraxanı, Yeni Suraxanı-Hövsan hissələrində 22 km yol əsaslı təmir olunub. Zirə limanı ilk dəfə dəmir yolu şəbəkəsinə qoşulub. Biləcəri çeşidləmə parkının yolları 1960-cı illərdən ilk dəfə bərpa edilməyə başlanıb. 2024-cü ildə isə bu vəsait 50 milyon manatı aşaraq 20-dən çox layihənin icrasına cəlb edilməsi nəzərdə tutulub.
Fədakar ADY əməkdaşları
2009-cu il, iyulun 20-də dövlət başçısının sərəncamı ilə yaradılan “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin dəmiryolu nəqliyyatının inkişafının beynəlxalq standartlar səviyyəsinə çatdırılmasında əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Bu gün dəmiryolu nəqliyyatı ilə bağlı əldə edilən bir çox nailiyyətlərin, uğurların ərsəyə gəlməsində qurumun fədakar əməkdaşlarının əməyi var. Biz bu fədakarlığı həm də Vətən müharibəsi dövründə də şahidi olduq. 44 gün davam edən müharibə ərzində dəmiryolçular cəbhə boyu zonada yerləşən stansiyalara və geriyə müxtəlif yüklər, o cümlədən hərbi texnika, qida məhsulları və yanacaq daşıyıblar. Düşmənin qənimət götürülmüş texnikaları da Bakıya dəmir yolları ilə gətirilib. Gecə-gündüz fədakarlıqla çalışan polad magistral əməkçiləri özlərinə bir şüarı rəhbər tutublar: “Vaxtında cəbhəyə çatdırılan hər bir qatar düşmənə vurulmuş ağır zərbədir!” Bundan əlavə, cəsarət təcəssümü olan Vətən müharibəsində 200-ə yaxın dəmiryolçu döyüşüb, onlardan dördü şəhidlik zirvəsinə ucalıb. Müharibə bitdikdən sonra işğaldan azad edilən ərazilərdə yerləşən dəmir yolu xətlərinin bərpasına start verilib.
Rəqəmsallaşan dəmir yolları
Azərbaycan Dəmir Yolları bu gün müasir, innovativ və müsbət dəyişikliklərə açıq şirkətə çevrilir. Bütün yeniliklər ADY-nin strategiyasına uyğun olaraq həyata keçirilir və əməliyyat səmərəliliyinin, ölkə ərazisindən keçən beynəlxalq dəhlizlər üzrə tranzit həcmlərinin artırılmasına xidmət edir və əsas diqqət müasir dünyanın çağırışları ilə bağlı kritik amillərə yetirilir. Bu kontekstdə rəqəmsallaşma sözügedən proseslərin effektiv idarə olunmasında mühüm rol oynayır. ADY-nin Müşahidə Şurası tərəfindən təsdiq edilmiş rəqəmsallaşma strategiyasına uyğun olaraq, qurumun İT sahəsi də müvafiq transformasiya prosesindən keçir. ADY, ilk növbədə, Azərbaycanı qlobal nəqliyyat qovşağına çevirməyi qarşısına məqsəd qoyub və Şimal-Cənub, Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri boyunca yerləşən ölkələrlə dəmiryol nəqliyyatı infrastrukturunun rəqəmsallaşdırılması üzrə əməkdaşlığı genişləndirir. Bir sıra layihələr bu dəhlizlər boyu əməliyyatların sadələşdirilməsi və sürətləndirilməsi, xarici tərəfdaşlarla əməkdaşlığın səmərəliliyinin artırılması və dəhlizlərin yükgöndərənlər üçün daha cəlbedici və rəqabətli olmasına yönəlib. Beləliklə, ADY dəhlizlər üzrə yaradılmış assosiasiyalar və işçi qrupları çərçivəsində öz öhdəliklərini yerinə yetirir.
Şərq-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində yük əməliyyatlarının idarə edilməsi üçün müasir informasiya-analitik sistemlərinə inteqrasiya və yüklərin real vaxt rejimində izlənilməsi xidmətlərinin yaradılması da daxil olmaqla, bir sıra kompleks tədbirlər həyata keçirib ki, bu da daşımalarda şəffaflıq və nəzarəti artırıb. Yeri gəlmişkən, bu ilin ilk dörd ayında Şərq-Qərb dəhlizi üzrə ümumilikdə 34 blok qatar olmaqla 6319 TEU konteyner yük daşınıb. Onlardan 10 blok qatar (4020 TEU konteyner) tranzit yükü, 24 blok qatar və (2299 TEU konteyner) idxal yükü olub. 2023-cü ildə ADY tərəfindən ümumilikdə 105 265 TEU konteyner daşınıb ki, bu da 2022-ci illə müqayisədə 30 faiz çoxdur.
Qurum Şərq-Qərb Beynəlxalq Dəhlizinin inkişafı üzrə beynəlxalq forumlarda və işçi qruplarında fəal iştirak edir, yeni əməkdaşlıqlar qurur, prosedurların sadələşdirilməsi və yükdaşıma həcmlərinin artırılması üçün digər ölkələrin nəqliyyat operatorları və logistika şirkətləri ilə müqavilələr bağlayır. Buna misal olaraq, Dünya Bankının, BMT-nin Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyasının (UN ESCAP) işçi qruplarında iştirak, həmçinin beynəlxalq daşımaların standartlaşdırılması və inkişafı ilə məşğul olan TRACECA və Dəmir Yolları Əməkdaşlıq Təşkilatı kimi qurumların daimi üzvləri qismində iştirakı göstərmək olar. Eyni zamanda, qurum daşımaların idarə edilməsi, real vaxt rejimində yüklərin monitorinqinin optimallaşdırılması üçün infrastrukturu modernləşdirir və informasiya sistemlərini yeniləyir. Rəqəmsal həllər logistika proseslərini sadələşdirir və beynəlxalq müştərilərlə əlaqələri gücləndirərək Azərbaycanı regionda daha cəlbedici nəqliyyat mərkəzinə çevirir. Oxşar rəqəmsallaşma prosesləri Şimal-Cənub dəhlizində də həyata keçirilir. Yük məlumatlarının mübadiləsini və “Track&Trace” rəqəmsal xidmətlərini təmin etmək üçün “Global DTC” şirkətinin yaratdığı beynəlxalq logistika platformasına inteqrasiya ADY-nin dəstəklədiyi təşəbbüslər sırasındadır.
ADY-nin rəqəmsal transformasiyası bir neçə əsas istiqaməti əhatə edir: istehsal proseslərinin və ofis funksiyalarının avtomatlaşdırılması, İT infrastrukturunun inkişafı, informasiya təhlükəsizliyinin təmin edilməsi və işçilərin İT bacarıqlarının artırılması. Əsas diqqət əməliyyat proseslərinin avtomatlaşdırılmasına yönəldilir.
ADY-nin loyallıq proqramı: “ADY Mobile”la keşbek qazan...
ADY rəsmilərinin qeyd etdiyinə görə, sərnişindaşıma sahəsində rəqəmsallaşma prosesi xeyli təkmilləşib, rəqəmsal həllər sərnişin daşımalarında prosesləri əhəmiyyətli dərəcədə sürətləndirib, onların səmərəliliyini artırıb və xidmət keyfiyyətini yüksəldib. Belə ki, ötən il sərnişinlərin istifadəsinə verilən “ADY Mobile” tətbiqinin yüklənmə sayı artıq 124 mini ötüb. Tətbiq sərnişinlərə səyahətlərini daha rahat təşkil etməyə imkan verir. Onun köməyi ilə bütün istiqamətlərə bilet almaq və geri qaytarmaq, balansınızı artırmaq, qatarın hərəkət cədvəlləri ilə tanış olmaq və dəmir yolu ilə bağlı bütün xəbərləri və yenilikləri əldə etmək xeyli asanlaşıb. Hazırda qatarla səyahətə üstünlük verən sərnişinlərin təxminən 70%-i onlayn ödənişi seçir.
Yeniliklərə baxmayaraq, hələ də fiziki kartlardan istifadə edən sərnişinlər var. Onların da rahatlığını nəzərə alaraq, ADY-nin rəsmi internet saytında fiziki səyahət kartının balansının onlayn doldurulması imkanı tətbiq olunacaq. Bu, sərnişinlərin vaxtına qənaət edəcək, bilet kassalarında və ya stansiyalardakı terminallarda kartların doldurulmasına ehtiyacı aradan qaldıracaq.
ADY artıq loyallıq proqramını də tətbiq etməyə başlayıb. Loyallıq proqramı “ADY Mobile” vasitəsilə bilet alışı zamanı 3% keşbek qazanmaq, həmçinin tətbiqdə qeydiyyatdan keçmək, 3 dosta tətbiqdə qeydiyyatdan keçmək üçün dəvət göndərmək və sorğu və qiymətləndirmələrdə iştirak etməklə bonuslar əldə etmək imkanı verir.
Ölkədaxili reyslərə biletlərin qiymətini həftənin günündən, qatarın hərəkət istiqamətinə uyğun olaraq oturacaq seçimindən, bayram günlərindən və digər amillərdən asılı olaraq tənzimləyən dinamik qiymət sistemi tətbiq edilib. Bununla da səfərə 30-25 gün qalmış bilet alan sərnişinlər 15% endirimdən yararlana biləcəklər. Nəticə etibarilə bu, tələbatdan və digər amillərdən asılı olaraq qiymətləri çevik şəkildə dəyişməyə imkan yaradacaq ki, bu da bir tərəfdən, şirkətin gəlirlərinin artmasına, digər tərəfdən, səfərlərini əvvəlcədən planlaşdıran sərnişinlərə vaxtına və vəsaitinə qənaət etməyə imkan verəcək.
ADY-nin əsas rəqəmsal yeniliklərindən biri də yük daşımaları üçün tarif kalkulyatorudur. www.ady.az saytında əlavə edilmiş bu rəqəmsal həll daşıma xərclərinin hesablanmasını və müştərilərlə qarşılıqlı əlaqəni sadə və sürətli prosesə çevirir.
Artan yükdaşıma, beynəlxalq dəhlizlərə inteqrasiya
Son 20 il ərzində Azərbaycanda dəmir yolları ilə yükdaşımaların həcmində böyük artım qeydə alınıb. Artımı davamlı etmək üçün mövcud dəmir yolu xətləri yenilənir, eyni zamanda yeni yollar salınır. Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2024-cü ilin yanvar-avqust aylarında 12,4 mln. ton yük, 5 175 min sərnişin daşınıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2023-cü ilin eyni dövrü ilə müqayisədə bu il yük daşınmasında 1,9%, sərnişin daşınmasında isə 20,8% artım müşahidə olunub.
ADY-nin ölkədaxili və Abşeron dairəvi marşrutları ilə 2024-cü ilin sentyabrında 809 minə yaxın sərnişin daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 29 faiz çoxdur. Ən böyük artım 53 faizlə Bakı-Qəbələ-Bakı marşrutu ilə daşımalarda qeydə alınıb. Eyni zamanda, qatarla səfər edən xarici turistlərin sayı 47 faiz çox olub.
ADY Şimal-Cənub Dəhlizi üzrə artmaqda olan yükaşırmaları daha böyük sürətlə həyata keçirmək üçün Azərbaycanın Astara rayonundakı yük həyətinin rekonstruksiya işlərini uğurla başa çatdırıb. Yenilənmiş yük həyəti Dövlət Gömrük Komitəsinin tələblərinə uyğun olaraq terminal statusunda fəaliyyətə başlayıb. Yüklərin daşınma və aşırılma əməliyyatlarının sürətli icrası və yük sahibləri üçün endirimli tariflərin tətbiqi terminalın əsas üstünlükləridir. Terminalın işə düşməsi Şimal-Cənub marşrutu üzrə tranzit yük daşımalarını cari ilin sonuna kimi 10-15%-ə qədər artırmağa imkan verəcək.
Beynəlxalq nəqliyyat bağlantısı olan Orta Dəhliz üzrə tranzit yüklərin həcminin artırılması və səmərəli idarə olunması məqsədilə Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmir yolları arasında Birgə Müəssisə yaradılıb. Çin mənşəli yüklərin Orta Dəhlizlə Azərbaycan üzərindən daşınması bərpa olunub. Bu məqsədlə konteyner daşımalarının blok qatar şəklinə salınması və təyinatı üzrə birbaşa göndərilməsi təmin olunub. Çindən idxal və tranzit yükü ilə yola düşən konteyner blok qatarlar Orta Dəhlizlə ortalama 8-10 gün ərzində ölkəmizə çatıb ki, bu da ənənəvi marşrutlarla çatdırılma vaxtından təxminən iki dəfə (15-18 gün) azdır.
Sərnişindaşımada rekord göstərici
“Azərbaycan Dəmir Yolları” QSC 2024-cü ilin yanvar-iyun aylarında 3 849 804 sərnişin daşıyıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20 faiz çoxdur.
Bu ilin 6 ayında Abşeron dairəvi dəmir yolu xətti üzrə 3 666 518 sərnişin (ötən ilin analoji dövrü ilə müqayisədə 19 faiz çox), Bakı-Ağstafa-Bakı marşrutu üzrə 160 799 sərnişin (30 faiz çox), Bakı-Qəbələ-Bakı marşrutu üzrə isə 22 487 sərnişin (149 faiz çox) mənzil başına təhlükəsiz çatdırılıb.
Göstərilən dövrdə Bakı-Ağstafa-Bakı marşrutu ilə hərəkət edən qatarlarda doluluq səviyyəsi 92 faiz (ötən ilin 6 ayında 90 faiz), Bakı-Qəbələ-Bakı marşrutu üzrə 61 faiz (ötən ilin eyni dövründə 50 faiz) təşkil edib.
Bununla yanaşı, Bakı-Qəbələ-Bakı istiqamətində səfər edən sərnişinlərin 10 faizindən çoxu, Bakı-Ağstafa-Bakı marşrutu üzrə isə 7 faizindən çoxu əcnəbi turistlər olub.
14 iyun tarixindən etibarən Bakı-Ağstafa-Bakı xətti üzrə istismara yeni qəbul edilmiş 2 yeni “Stadler” qatarı ilə son 17 gün ərzində 16 mindən çox sərnişin daşınıb.
İlin ilk 6 ayında sərnişindaşıma üzrə ümumilikdə 9265 reys həyata keçirilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22 faiz (ötən il 7610 reys) çoxdur.
Abşeron dairəvi dəmir yolu xətti ilə hərəkət edən qatarları yeni dərs ilinin başlaması ilə əlaqədar artacaq sərnişin tələbatını təmin etmək məqsədilə 16 sentyabr 2024-cü il tarixindən etibarən yenilənmiş hərəkət cədvəli ilə xidmət göstərir.
Yeni hərəkət qrafikinə əsasən, Bakı-Xırdalan-Sumqayıt marşrutu üzrə gediş-gəliş reyslərinin sayı 20-dən 24-ə, Bakı-Pirşağı-Sumqayıt marşrutu üzrə isə 36-dan 42-yə çatdırılıb.
Yenilənmiş qrafikə uyğun olaraq, gün ərzində Bakı-Xırdalan-Sumqayıt marşrutu üzrə Bakıdan 13, Sumqayıtdan 11 reys, Bakı-Pirşağı-Sumqayıt marşrutu üzrə isə Bakıdan 20, Sumqayıtdan 22 reys təşkil edilib.
Qarabağ və Şərqi Zəngəzura dəmir yolları ilə “Böyük Qayıdış”
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun zəfərlə bitirdiyi 44 günlük Vətən Müharibəsi nəticəsində azad edilmiş torpaqlarda başladılan genişmiqyaslı bərpa və quruculuq işləri dəmir yollarını da əhatə edir. ADY bu ərazilərdə işçi qatarlarını cəlb edərək bərpa layihələrinin icrasında yaxından iştirak etməklə yanaşı, öz infrastrukturunu da bərpa edir.
Belə ki, 2021-ci ildə Prezident İlham Əliyev Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoyub. Bir qədər sonra dəmiryol xəttinin layihələndirilməsi və tikintisinə başlanılıb. Horadiz – Ağbənd dəmir yolu Azərbaycanı Naxçıvanla birləşdirəcək multimodal nəqliyyat dəhlizinin tərkib hissəsidir. Artıq Horadiz – Ağbənd dəmir yolu xəttinin layihələndirmə işlərinin 82%, tikinti işlərinin isə 47% yekunlaşıb.
2021-ci ildə həm də Bərdə – Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisinə başlanılıb. Bu xəttin Ağdam şəhərinə qədər hissəsinin tikintisi tamamlanıb, stansiyaların tikintisi yekunlaşıb. Həmçinin Ağdam – Xankəndi yolunun bərpası üçün layihələndirmə işlərinə start verilib.
Nəticə etibarilə onu deyə bilərik ki, dəmir yollarının nəinki ölkə daxilində, eləcə də Azərbaycandan keçən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında da müstəsna yeri var. Son dövrlər Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizində artan rolu, bu amilin ölkəmizə siyasi dividendlər gətirməsi, tərəfdaşlarımızın sayının artması məhz dəmir yollarında tətbiq edilən saysız-hesabsız yeniliklərlə bağlıdır.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”