13 yaşlı Nurlanın ölümündə ittiham olunan sürücüyə bəraət verildi

Ali Məhkəmədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Kazım Zərbiyevə bəraət verilməsi barədə qərardan prokuror tərəfindən verilən kassasiya protestinə baxılıb.

Musavat.com xəbər verir ki, bu barədə "Qafqazinfo"ya vəkil Əli Hüseynov məlumat verib.

Vəkil deyib ki, iclasda şikayətin dəlillərinə baxış keçirilib və tərəflərin fikirləri dinlənilib.

Hakim Ələsgər Novruzovun sədrlik etdiyi hakimlər heyəti belə qənaətə gəlib ki, əvvəlki qərarın dəyişdirilməsi və ləğvi üçün hər hansı əsas yoxdur.

Qərara əsasən, prokurorun protesti təmin edilməyərək, bəraət qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, hadisə 2021-ci ilin avqustun 7-də Yasamal rayonunda baş verib. Belə ki, sürücü Vəli Qasımov idarə etdiyi avtomobillə 13 yaşlı Nurlan Baxışovu vurub. Həmin gün piyada aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

İşə Yasamal Rayon Məhkəməsində baxılıb. Hökmə əsasən, V.Qasımov 5 il 1 ay müddətinə azadlıq məhrum edilib. Qəzada iştirak edən digər təqsirləndirilən sürücü K.Zərbiyevə isə Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə tam bəraət verilib.

Qərardan narazı qalan ittiham tərəfi apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi protesti təmin etməyib.

26.09.2023 21:47
1544