125 yerə 950 iddiaçı - radikalların boykotu alınmadı

287 namizəd 24 siyasi partiyanı təmsil edir

İndiyə qədər 950 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Bu barədə  Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib. Onun sözlərinə görə, 287 namizəd 24 siyasi partiyanı təmsil edir. MSK-nın mətbuat katibi Şahin Əsədli bildirib ki, məsələ Seçki Məcəlləsinin 148.5-ci maddəsinə əsasən namizədlərin siyahısı Mərkəzi Seçki Komissiyasının saytında dərc olunmalıdır. 

Seçki Məcəlləsinin 148.5-ci maddəsində deyilir ki, qeydə alınmış namizədlərin dairələr üzrə siyahısı səsvermə gününə azı 20 gün qalmış Mərkəzi Seçki Komissiyası tərəfindən bu Məcəllənin 77.2-ci maddəsində göstərilən dövri nəşrlərdə dərc edilir.

Milli İstiqlal Partiyasının fəxri lideri, istiqlalçı deputat Etibar Məmmədov Moderator.az-a açıqlamasında deyib ki,  partiyanın namizədlərinin çoxu qeydiyyatdan keçib.  Özü isə 20 ildən çoxdur ki, heç bir seçkiyə qatılmır.  E.Məmmədov deyib ki,  seçkiləri boykot qərarının heç bir effekti yoxdur: “Sadəcə, seçkilərdə iştirak etməmək kimi bir şeydir. Boykot o zaman effektli olur ki, heç kəs seçkilərdə iştirak etməsin və iştirak etməmək haqda nəticəni də rəsmi şəkildə əldə etmək olsun. Yəni hazırda Azərbaycanda seçkilərdə seçicilərin sayına görə heç bir limit, kvota nəzərdə tutulmur. Əvvəllər seçkilərin baş tutması üçün seçicilərin 50+1 faizinin iştirakı vacib idi. Ancaq indi lap bir nəfər də iştirak etsə, seçki baş tutmuş sayılır. Bir sözlə, mövcud şəraitdə seçkiləri boykot etməyin hakimiyyətə də heç bir təsiri yoxdur...”

Qeyd edək ki, seçkilərdə iştirak edən partiyalardan 10-nun sədri namizəd olmayıb.

Müsavat Partiyasının sədri İsa Qəmbər, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı, Ümid Partiyasının sədri İqbal Ağazadə, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu, Ədalət Partiyasının sədri İlyas İsmayılov, Müasir Musavat Partiyasının sədri Hafiz Hacıyev, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Haqq Ədalət Partiyasının sədri Əli İnsanov namizədliklərini irəli sürməyib. 

Digər partiyaların sədrləri seçkilərdə iştirak edəcək: Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadənin namizədliyi qeydə alınıb. O, 27 saylı Sabunçu ikinci seçki dairəsindən namizəddir.

AG  Partiyasının sədri Tural Abbaslının 21 saylı Nəsimi-Binəqədi seçki dairəsindən namizədliyi irəli sürülüb və partiya sədrinə artıq namizədliyinin qeydə alınması barədə müvafiq vəsiqə təqdim edilib. Azərbaycan Demokratik Maarifçilik Partiyasının (ADMP) sədri Elşən Musayev isə 116 saylı Qəbələ seçki dairəsindən namizəddir. Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn 68 saylı Sabirabad-Şirvan seçki dairəsindən namizədliyi qeydə alınıb. Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafanın 26 saylı Sabunçu birinci seçki dairəsindən namizədliyi qeydə alınıb. Milli Cəbhə Partiyasının (MCP) sədri Razi Nurullayev isə İmişli seçki dairəsindən namizədliyini irəli sürüb.

Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə və REAL Partiyasının sədri İlqar Məmmədov 22 saylı Nəsimi-Yasamal seçki dairəsindən namizəddirlər. ƏHD partiyasının sədri Qüdrət Həsənquliyev isə 36 saylı Xətai-Suraxanı seçki dairəsindən namizədliyini irəli sürülüb. Partiya sədrinə artıq namizədlik vəsiqəsi təqdim edilib.

Natiq Cəfərli: “Manatla bağlı qərar verilə bilər” - | KONKRET

 Natiq Cəfərli

Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, deputatlığa namizəd Natiq Cəfərli mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, Azərbaycan reallığını nəzərə alsaq, ümumiyyətlə, boykotun heç bir effekti, həm də mənası yoxdur: “Hətta siyasi partiyaların seçkidə iştirak etməkdən imtinasını anlamaq da mümkün deyil. Çünki Azərbaycanda qanunvericiliyə görə, bir tək prezident seçkisində və referendumda ən azı 25 faiz iştirakçılıq olmalıdır. Burada sırf riyası məntiqlə boykotdan hər hansı hüquqi nəticə əldə etmək olur. Əgər sübut olunarsa ki, ya referendum, ya da prezident seçkisinə 25 faizdən az insan gəlib, bu zaman hansısa formada, ən azı riyazi məntiqlə boykotu izah etmək olur. Amma bunu da doğru hesab etmirəm. Çünki siyasi partiyaların elə əsas işi seçkidə iştirak etməkdir.

Bələdiyyə və parlament seçkilərində isə hansısa bir baraj yoxdur. Tutaq ki, bir dairədə 45 min seçici var, orada 5 nəfər belə seçkiyə gəlsə, o seçki baş tutmuş sayılır. Əgər belədirsə, onu boykot etməyin nə mənası, anlamı, siyasi yükü, mesajı var? Ona görə də boykotçu siyasi partiyaları anlamaq mümkün deyil. Sadəcə, onlar öz zəifliyini, maddi və intellektual kasıblığını, vitrinə insan çıxara bilməmələri, kadr bazalarının zəif olduğunu etiraf etmirlər, bunun əvəzində yüksək pafosla boykota getdiklərini elan edirlər. Əslində bu boykot siyasi qərardan daha çox həmin partiyanın düşdüyü durumu ifadə edir".

Tural Abbaslı

AĞ Partiya sədri, deputatlığa namizəd Tural Abbaslı isə qeyd edib: “Qeydə alınan deputatlığa namizədlərin sayı ilə bağlı tam şəkildə nəsə demək olmur. Çünki proses davam edir və yəqin ki, say artacaq. Ehtimal ki, 125 yerə 1000-1200 namizəd olacaq ki, bu da ortalama hər dairədə bir yerə 10 namizədin olacağı anlamına gəlir və bu, heç də pis rəqəm sayılmır. Amma ümumilikdə götürdükdə, əvvəlki seçkilərlə müqayisədə bu dəfə namizəd kimi seçkidə iştirakçıların sayı kifayət qədər azdır. Amma bir daha qeyd edirəm ki, bir dairədən 10 nəfərin namizəd olması heç də pis deyil.

Hansısa partiya sədrlərinin seçkidə iştirak etməməsi, hər halda, onların öz daxili qərarlarıdır və bizim buna mövqe bildirməyimiz doğru olmaz. Amma düşünürəm ki, əgər əsaslı səbəb, istər şəxsi, istərsə də siyasi anlamda bir məntiqli izahı yoxdursa, hər partiya sədri öz komandasını seçkiyə özü aparmalıdır. Yəni özünün rəhbərlik etdiyi siyahı olmalı və siyahının da birinci nömrəsində özü olmalıdır ki, namizəd kimi digər partiya üzvlərinə həm stimul olsun, həm də komanda görüntüsü yaratsın. Hər halda, general komandanın başında olsa daha yaxşı olar. Əgər seçkiyə inanmırsansa, niyə partiya üzvlərini göndərirsən, yox, əgər inanırsansa, özün niyə getmirsən? Yəni bir daha qeyd edirəm ki, bu məsələnin bir məntiqli əsası yoxdursa, hər partiya sədrinin seçkidə iştirakı daha doğru olardı. Ümumiyyətlə, Azərbaycanda ümumi seçicilərin 25-50 faizi seçkidə iştirak etdikdə seçki baş tutmuş sayılır. Yəni bu baxımdan boykotun heç bir hüquqi əsası yoxdur.

Siyasi anlamda boykot edəndə isə cəmiyyətin və yaxud beynəlxalq aləmin nəzdində bu seçkilərin legitimliyinin şübhə altına düşmə təhlükəsi ola bilir, amma Azərbaycan təcrübəsində baxanda görürük ki, bu da yoxdur. Çünki illərlə Azərbaycan daxilində siyasi partiyaların boykot etdiyi prezident seçkilərinin nəticəsində seçilmiş prezident nə daxildə, nə də xaricdə legitimlik problemi yaşamayıb. Demək ki, bu, siyasi anlamda da heç bir məna kəsb etmir. Burada yalnız əks-arqument ola bilər ki, seçkinin nəticəsi yoxdur, gedib iştirak etməyin nə mənası var, amma iştirak etməməyin də heç bir mənası qalmır. Çünki iştirak edəndə istər-istəməz bu prosesin içində olursan, bu və ya digər formada təsir etməyə cəhd göstərirsən. Lakin iştirak etməyəndə tam bu prosesdən kənarda qalırsan və  heç bir müdaxilə imkanların olmur. 

Ona görə də mən boykotun əleyhinəyəm və boykot edənləri də anlamıram, bunu yanlış qərar hesab edirəm. Konstitusiyada da qeyd olunub ki, hakimiyyətə gəlməyin yeganə yolu seçkilərdir".

Xalidə GƏRAY,
“Yeni Müsavat”





07.08.2024 10:17
890