"Bildiyiniz kimi, Sabirabadda 12 yaşlı qız 32 yaşlı şəxslə nişanlanıb. Bu ölkədə nə birinci, nə də sonuncu hadisədir. Hər kəs o cavabla təskinlik tapdı ki, bəs onlar qızın 18 yaşı olmasını gözləyəcəklər. Bu yanaşma kökündən yanlışdır".
Musavat.com xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov bildirib.
O qeyd edib ki, Azərbaycanda təhsil icbaridir:
"Bu o deməkdir ki, hər kəs 9-cu sinifə qədər məcburi məktəbə gəlməlidir. İndi təsəvvür edin, bu 12 yaşlı qız azı 3 il də bundan sonra o məktəbə, sinifə gələcək. Bəs nişanlı azyaşlının məktəbə gəlməsi digər şagirdlərin təhsil hüquqlarına təsir göstərməyəcək?
Gəlin baxaq; o nişanlı azyaşlı artıq digər şagird həmyaşıdları ilə əvvəlki kimi danışa, gəzə, oynaya bilməyəcək. Çünki nişanlıdır. Nişanlısı da mütəmadi olaraq məktəbə gələcək, bəzən də onun sinif yoldaşlarına deyəcək ki, onunla oturma, danışma və s. Hətta müəllimlərə də dərslə bağlı müdaxilə edəcək ki, bu mənim nişanlımdır, onu dərsdə ayağa qaldırma, dərs soruşma və s.
12 yaşlı azyaşlı nişanlanmaq ilə onun təhsil hüquqları da məhdudlaşır, onun oxuduğu sinifin də normal təhsil mühiti pozulur.
Bundan sonrakı 6 ildə hər bayramda nişanlısı ona qurban gətirəcək, hədiyyə gətirəcək və hətta gəzməyə də aparacaq.
Bundan sonra şagirdlərin ona baxışı da dəyişəcək, onun da sinif yoldaşlarna baxışı, münasibəti dəyişəcək".
K.Əsədov hesab edir ki, biz icbari təhsili 9-cu sinifdən 11-ci sinifə qaldırmalıyıq:
"Ona görə ki, 9-cu sinifən çıxan uşaqların əksəriyyəti ya erkən nikaha daxil olur, ya da avara qalır. Çox az sayda kollecə, peşə təhsilinə gedənlər olur.
Bundan başqa, mütləq şəkildə uşaq pulu bərpa edilməlidir və yalnız qız uşaqlarına 18 yaşa qədər verilməlidir ki, həm qızların erkən nikaha cəlb edilməsinin qarşısı alınsın, həm də son dövrdə çoxlan qız uşağının abort halları azalsın.
12 yaşlı azyaşlı uşağa nişan üzüyü taxmaq cinayət əməli olmalıdır. Bu elə konkret olaraq cinsi təcavüzün bir növüdür. Nə olsun ki, nikaha girmir, elə bu da onun yarısıdır.
12 yaşlı uşaqların parta arxasında oturub ksq, bsq düşünən, sabahkı dərsə hazırlaşan vaxtıdır.
Azyaşlı qız uşağını nişanlamaq zehniyyətində olan valideynlər də valideynlik hüququndan məhrum edilməlidir ki, başqalarına da dərs olsun".