Azərbaycan aşıq sənətinin tanınmış simalarından biri Aşıq Nabatdır (Cavadova). O, 1914-cü ildə Şərur rayonunun Parçı kəndində anadan olub. 1934-cü ildə ailəsi ilə Bərdə rayonuna köçüb, burada Göyçəli Aşıq Musanın şagirdi olub, aşıqlıq sənətinin sirlərinə yiyələnib.
Məlahətli səsi və gözəl ifaçılıq qabiliyyəti ilə qadın həmkarları arasında şöhrət qazanıb. O, sağlığında Bakıda və 1938-ci ildə Moskvada keçirilən ədəbiyyat və incəsənət ongünlüklərinin, folklor festivallarının iştirakçısı olub, diplomlarla mükafatlandırılıb.
Aşıq Nabat Azərbaycan aşıqlarının ikinci (1938) və üçüncü (1962) qurultaylarının nümayəndəsi seçilib, Moskvada keçirilmiş Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə (1940) iştirak edib. Aşıq Nabat 3 oktyabr 1973-cü ildə Naxçıvan Muxtar Respublikasının (NMR) Şərur rayonunun Siyaqut kəndində vəfat edib.
Medianews.az xəbər verir ki, bu il 110 illiyi qeyd olunan Aşıq Nabata münasibət təəssüf ki, arzuolunan səviyyədə deyil. Əgər belə olmasaydı, onun Siyaqut qəbiristanlığındakı məzarı uçulub-dağılmış, üzərində ad-soyadının yazıldığı, fotosunun görünməz olduğu lövhə adi məftillə baş daşına bərkidilməzdi. Bu acınacaqlı mənzərə Aşıq Nabatı tanıyan, onun yaradıcılığı, sənəti ilə yaxından maraqlanan hər kəsin ürəyini dağlasa da aidiyyəti qurumların daş qəlbli səlahiyyət sahiblərinin heç tükünü də tərpətmir. Bu, Aşıq Nabata, onun ruhuna, irsinə biganəlik və hörmətsizlikdir.
Naxçıvandan oxucularımız tərəfindən redaksiyamıza yollanan, bəhs etdiyim acı mənzərəni tam çılpaqlığı ilə ortaya qoyan fotonun izinə düşüb əvvəlcə Azərbaycan Aşıqlar Birliyinin qapısını döydük. Birliyin sədri, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Məhərrəm Qasımlı mövzu ilə tanış olduqdan sonra bildirdi ki, bu məsələ ilk növbədə NMR Mədəniyyət Nazirliyinin diqqətinə çatdırılmalıdır. Folklorşünas alim Aşıq Nabatla bağlı bəzi faktları da dilə gətirib: “Naxçıvan Mədəniyət Nazirliyin diqqətinə çatdırmaq lazımdır ki, diqqət yetirsinlər: “Aşıq Nabat böyük sənətkar olub. 1939-cu ildə Moskvada keçirilən tədbirdə aşıqların hamısı İosif Stalinin qarşısında ifa etməkdən ehtiyat edib, çəkiniblər. Lakin Aşıq Nabat öz ifası ilə Azərbaycan aşıq sənətinin möhtəşəmliyini nümayiş etdirib. Bu, Stalinin çox xoşuna gəlib. Xalq şairi Səməd Vurğunun zəmanəti ilə Aşıq Nabat SSR Yazıçılar İttifaqının üzvi olub. O, çox qüdrətli sənətkar idi. Şeiri də gözəldir, ifa tərzi də”.
Professor deyib ki, Azərbaycan qadın aşıqları arasında o səviyyədə ikinci bir qadın aşığı olmayıb: “Aşıqlar Birliyi onun yüz illik və yüz on illik yubileyini yüksək səviyyədə keçirib. Tədbirlər etmişik, bir necə ay bundan əvvəl isə Azərbaycan Dövlət Televiziyasında Aşıq Nabatla bağlı 1saat 20 dəqiqəlik veriliş efirə gedib. Təəssüf ki, əlimizdən gələn bu qədərdir. Bundan artıq bir şey etməyə gücümüz yoxdur. İctimaiyyəti, xüsusən də Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyini bu məsələdə həssas olmağa çağırıram. Onun irsi qorunmalıdır. Aşıq Nabatın qızı var hazırda Yevlaxda yaşayır. Onda anasından qalma əşyalar var. Nabat xanımın sazı olub. 1939-cu ildə Stalinin qarşısında ifa edəndən sonra Aşıq Əsəd öz sazını Aşıq Nabata bağışlayıb. O saz və ya sazları indi harada itib-batıb bilmirəm. Deyirlər ki, guya saz hansısa muzeydədir. Lakin mən hara baş vurdumsa, o sazdan xəbər ala bilmədim. Həmin saz yaxın keçmişə qədər Nabat xanımın ailəsində olub. Gəlib oradan aparıblar”.
Aşıqlar Birliyi sədrinin qeyd etdiyi kimi, problemi Azərbaycan Mədəniyyət Nazirliyinin diqqətinə çatdırmaq istədik. Nazirliyin mətbuat xidmətindən tövsiyə etdilər ki, bu məsələ ilə əlaqədar Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə əlaqə saxlayaq. Sözügedən qurumun mətbuat katibi Fariz Hüseynli isə bildirdi ki, Naxçıvan MR ərazisində yerləşən tarix-mədəniyyət abidələrinə nəzarətin həyata keçirilməsi Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin səlahiyyətləri xaricindədir.
Axtarıb Naxçıvan MR Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən də əlaqə nömrəsi tapdıq. Nazirliyin media və ictimaiyyətlə əlaqələrinə məsul şəxslə danışıb problemi diqqətinə çatdırdıq. Bildirildi ki, rəhbərliyə məruzə olunduqdan sonra bizə cavab veriləcək. Lakin ötən 4 saata yaxın vaxt ərzində sorğuya hər hansı cavab verilmədi. Bununla da cavabdeh qurum və ya qurumlar problemə münasibətini ortaya qoydular.