2022-ci il noyabrın 26-da Gənclər və İdman Nazirliyinin nəzdində olan Şağan Olimpiya İdman Kompleksinin inzibati binasınd qətl hadisəsi olur.Məlumatla əlaqədar dərhal polis və prokurorluq əməkdaşları məhkəmə-tibbi ekspertinin iştirakı ilə hadisə yerinə yollanır. Baxışda iştirak edən Çevik Polis Alayının əməkdaşı prlokurorluğun müstəntiqinə 2 ədəd bıçaq təqdim edərək, birini cinayəti törədən şəxsin əlindən aldığını, digərini isə tamaşaçılar nəzərdə tutulan oturacağın üzərindən götürdüyünü bildirib.
Məlum olub ki, qətlə yetirilən şəxs 2006-cı il təvəllüdlü Turan Rüstəmovdur. Saxlanılan Ruslan Səfxanov 2002-ci ildə Sumqayıt şəhərində anadan olub, əvvəllər məhkum olunmayıb.
Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Musavat.com xəbər verir ki, Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, noyabrın 26-da Ruslan Səfxanov yüngül dərəcəli sərxoş vəziyyətdə Olimpiya Kompleksində keçirilən yarışlar zamanı tamaşaçı kimi iştirak edib. Saat 17 radələrində əyləşdiyi oturacağın yanından keçməsi üçün əvvəllər tanımadığı Turan Rüstəmovdan yol verməsini istəyib. Turanın kobud cavab qaytarmasını bəhanə edən Ruslan üzünə zərbə vurandan sonra, onu münaqişəyə cəlb edib. Əlbəyaxa olan zaman, şalvarının belindən bıçaq çıxararaq, Turanın döş qəfəsinə bir dəfə zərbə endirib. Aldığı xəsarətdən T. Rüstəmov yerindəcə keçinib.
İş üzrə dindirilmiş Ruslan Səfxanov bildirib ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 3-cü kurs tələbəsi, cüdo üzrə milli yığma komandasının üzvü olub. Fəxri fərman və Diplomlarla təltif olunub, respublikada və xarici ölkələrdə bu idman növü üzrə yüksək nailiyyətlər əldə edib:
"2022-ci il noyabrın 26-da Şağan Olimpiya İdman Kompleksində yetkinlik yaşına çatmayan idmançılar arasında keçirilən yarışlara Sumqayıtdan məşqçimiz Elşən Poladovun rəhbərliyi ilə 9 nəfərlik heyət yollanıb. Mən də psixoloji və mənəvi dəstək vermək üçün komanda ilə yarışa getdim. Saat 10 radələrində komandalar arasında döyüşlər başladı. Təxminən 2 saatdan sonra komanda üzvlərimiz Elmir və Kənanla birlikdə kompleksin yanında yerləşən marketdən çörək, pendir, kolbasa və bir şüşə araq alaraq geri qayıtdıq. Nahar etməyə başlayanda məlum oldu ki, aldığımız ərzaqları doğramaq üçün bıçaq yoxdur. Buna görə, gedib xırdavat mağazasından bir ədəd mətbəx bıçağı aldım. Yemək yeyərkən 100 qram arağı soyuq çayla qarışdırıb içdim. Nahardan sonra komandanın döyüşlərini yaxın məsafədə izlədim. Pilləkənlərlə tribunaya qalxanda əvvəllər tanımadığım Turan Rüstəmovun orda tək oturduğunu gördüm. Turan ayaqlarını qarşısındakı oturacağın üzərinə qoyduğu üçün, mənə oturmağa mane olurdu. Ondan ayaqlarını oturacaqdan endirməsini tələb edəndə Turan məni söydü. Buna görə, ona şillə vurdum. Ardınca bir-birimizə təpik və yumruqla zərbələr endirdik. Növbəti dəfə mənə söydüyü üçün hiddətlənərək, şalvarımın belinə keçirdiyim bıçağı çıxarıb ona 2 dəfə zərbə vurdum. Sonra polis əməkdaşları məni tutaraq, şöbəyə apardılar".
Ruslan Səfxanov əlavə edib ki, Turan Rüstəmovu ilk dəfə hadisə günü görüb. Onunla heç vaxt yarışlarda iştirak etməyib.
Zərərçəkmiş şəxsin hüquqi varisi Sevinc Xəlilova ifadəsində göstərib ki, oğlu Turan Rüstəmovun balaca vaxtından idmana həvəsi olub, söyüş söyən uşaq olmayıb:
"Boşanandan sonra həyat yoldaşım Zəki Rüstəmov Yevlax rayonun Salahlı kəndində qaldı. Mən isə oğlum və qızımı götürüb Mingəçevir şəhərinə gedərək, orada kirayədə yaşadım. Orda Turan idmanın cüdo növü ilə məşğul olmağa başladı. Müxtəlif respublika daxili yarışlarında iştirak edərək, nailiyyətlər qazanıb. Hadisədən 10 gün əvvəl bildim ki, müəllim Əlağa Səfərov Turanı Bakı şəhərinə keçiriləcək yarışa aparacaq. Noyabrın 26-ı saat 11 radələrində Turana zəng etsəm də, oğlu cavab vermədi. Saat 17 radələrində özümü pis hiss etdiyimdən işlədiyim marketin müdirindən icazə alıb evə getdim. Evə çatandan sonra anam zəng vuraraq, Turanın kiminləsə dalaşdığını və atasının Bakıya getdiyini xəbər verdi. Qızım Gülsüm atasına zəng edəndə, o, Turanın aldığı bıçaq xəsarətlərindən artıq öldüyünü bildirdi".
Şahid Zəka Rüstəmov bildirib ki, noyabrın 26-ı saat 17 radələrində kənd çayxanasında dostları ilə oturub çay içən zaman ona tanışı Nail Balaşov zəng edib və "oğlunu bıçaqla vurublar, özünü tez Bakıya çatdır" deyib:
"Dərhal öz maşınımla xalamoğlu Nadir və dostum Ağamalı ilə birlikdə Bakı şəhərinə yollandıq. Ora çatanda, Turanın meyitinin Xəzər rayon Pataloji Anatomiya şöbəsində olmasını öyrəndim. Ekspertizadan sonra, uşağın meyitini rayona apardıq və onu kənd qəbiristanlığında dəfn etdik".
Zəka Rüstəmov qeyd edib ki, oğlunun meyitini özü yuyub. Sinəsində, alnında, qulağının yanında və başında xəsarət izləri olub. Onun sözlərinə görə, dostlarından biri ayaqyoluna getmək üçün Turandan çəkələyini istəyib. Oğlu da ayağıyalın qaldığı üçün ayaqlarını oturacağın üzərinə qoyub. Bu zaman Ruslan Turana yaxınlaşıb, onu söyüb və ayağını aşağı salmasını tələb edib. Şillə vurduqdan sonra, oğlu durub Ruslana cavab qaytarıb. O da bıçağı çıxarıb Turana zərbələr vurub.
Şahid qismində dindirilmiş Əlağa Səfərov bildirib ki, Mingəçevir şəhər Gənclər İdman İdarəsinin nəzdində cüdo üzrə baş məşqçi işləyir:
"Turan Rüstəmov tələbəm idi. 26-27 noyabr 2022-ci il tarixlərində Şağan Olimpiya İdman Kompleksinin inzibati binasında şəhid Sübhan Abdurrəhmanlının xatirəsinə həsr olunmuş 2006-2008-ci il təvəllüdlü uşaqlar arasında cüdo üzrə yarışa mən də öz tələbələrimi gətirdim. Səhər saat 10 radələrində yarış başladı. Turan Rüstəmov ilk 2 görüşünü qələbə ilə başa vurdu. Arenanın tamaşaçılar üçün nəzərdə tutulan sektorunda əyləşərək, 3-cü görüşünü gözlədi.
Mən isə həmin vaxt tribunanın önündə, hakimlərin arxasında oturmuşdum. Növbəti görüşünün başlanmasına bir az qalmış Turana tərəf çevrilərək, ona ayağa qalxıb yarışqabağı əzələləri açmaq üçün xırda fiziki hərəkətlər etməsini tapşırdım. Sonra yarışları seyr etməkdə davam etdim. Həmin vaxt yarış zalında da səs-küy çox idi. Təxminən 10 dəqiqədən sonra qarşımda əyləşən hakimlərin ayağa qalxıb, mənə tərəf gəldiklərini görəndə, arxamda nə baş verdiyini anlamaq üçün çevrildim və 2 nəfərin dalaşdığını gördüm. Turanın bıçaqlandığı anı görməmişəm".
Şahid qismində dindirilmiş Çevik Polis Alayının polis serjantı Nicat Nəsirov ifadəsində göstərib ki, noyabrın 26-da Şağan Olimpiya İdman Kompleksində keçirilən yarışda asayışın təmin olunması məqsədi ilə Ramin Aliyarovla və Fərid Yusifli ilə xidmətdə olub:
"Saat 17 radələrində hakimlərin arxa tərəfimdə yerləşən tribunada qarışıqlıq yaranmasını görərək dərhal ora yaxınlaşdıq. Ruslan Səfxanovun əlində bıçaq var idi. Turan Rüstəmov isə yerdə, arxası üstə uzanıqlı qalmışdı.
Ramin Aliyarov Ruslandan kəsici aləti aldıqdan sonra, həmin şəxsi Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə apardıq".
Şahid qismində dindirilmiş Şirin Hüseynov, Mətləb Paşazadə və Elmir Paşayev bildiriblər ki, onlar Sumqayıt şəhərində yerləşən DİN-nin "Dinamo" İdman Cəmiyyətində cüdo idman növü ilə məşğul olublar:
"2022-ci ilin noyabr ayında cəmiyyətdən Şağan Olimpiya İdman Kompleksində cüdo üzrə uşaqlar arasında keçrilmiş yarışda biz də iştirak etmişik. Ruslan Səfxanov azarkeş kimi bizimlə birlikdə həmin kompleksə getmişdi. Günortadan sonra Ruslan yanımızdan ayrılıb tataminin qarşısındakı tribunaya tərəf getdi. Bir neçə dəqiqədən sonra orta tribunanın yıxarı hissəsində Ruslanın cüdo geyimində olan bir oğlanla mübahisə etdiyini gördük. Ruslanla dava edən oğlanın ana-bacı söyüşü söydüyünü eşitməmişik. Onlar dava edə-edə pilləkənlərlə tribunanın aşağısına düşdülər. Orda polis əməkdaşları Ruslanı qollarından tutub apardılar, Turan isə yerdə qana bulaşmış vəziyyətdə uzanmışdı".
Məhkəmə-psixiatrik ekspertizasının rəynə görə, Ruslan Səfxanov cinayət hadisəsi baş verən zaman fizioloji affekt vəziyyətində olmayıb. Onun hərəkətləri Cinayət Məcəlləsinin 21-ci (anlaqsızlıq) maddəsinin təsiri altına düşməyib.
Məhkəmə iclasında Ruslan Səfxanov ittiham üzrə özünü qismən təqsirli bilib.
Martın 28-də, aprelin 11-də, 25-də, mayın 16-da və 23-də keçirilən məhkəmə iclasları zamanı, inzibati binanın qarşısında toplanmış şəxslər, ətrafda səs-küy salmaqla "Ruslan Səfxanova ölüm cəzası", "Ruslan Səfixanova ömürlük azadlıqdan məhrum etmə" kimi şüarlar səsləndiriblər.
Prokuror çıxışının sonunda Ruslan Səfixanova 20 il cəza təyin edilməsini istəyib. Zərərçəkmiş şəxsin hüquqi varisi Sevinc Xəlilova və şahid Zəka Rüstəmov təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini xahiş ediblər.
Ruslan Səfxanov son sözündə əməlindən peşman olduğunu bildirib.
Məhkəmə nəticəyə gəlib ki, ibtidai istintaq orqanı tərəfindən Ruslan Səfxanovun əməli Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə düzgün tövsif edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ruslan Səfxanov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəisində çəkməklə 19 il müddətinə azadlıqdan məhrum olunub.
Bakı Apellaysiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilmədən saxlanılıb.