10 il öncə, bu gün, mayın 19-da Binəqədi rayonunda 15 nəfərin ölümü, 56 nəfərin yaralanması ilə nəticələnmiş yanğın baş verdi. Bakıda keçiriləcək Avropa Oyunları öncəsi meydana gələn o məşum yanğın bir anda bütün ölkəni silkələdi. O gündən yanğının qəsdən törədilməsini söyləməyə əsas verən çox ciddi iddialar, faktlar ortalıqdadır. Çox təssüf ki, faktlara aydınlıq gətirilmədi, hüquqi qiymət verilmədi.
Məlum olurdu ki, məşum olaydan əvvəl və sonra Azərbaycanda qəsdən yanğınlar törədilib və yanğın törədilməsi üçün çox ciddi cəhdlər olub.
İstintaq, sonradan məhkəmə əsasən binanın üzləndiyi poliuretanın keyfiyyətsizliyi, odadavamlılığının olmamasını əsas tutdu, binanı üzləmiş şirkətin rəhbəri Miryusif Mahmudov və digər bir neçə şəxsi məhkum etməklə işi bitmiş hesab etdilər. İş üzrə məhkəmədə Miryusif Mahmudovun vəkili İlhamə Həsənova binanın yandırılmasını təsdiq edən çox ciddi dəlilləri ortaya qoydu. Binanın yandırılmasından əvvəl və sonra da silsilə yanğınlar törədildiyini faktlarla isbatladı. Vəkilin sözlərinə görə, digər yanğınların bir neçəsinin qarşısı alınıb, bir neçəsi isə vaxtında söndürülüb.Vəkil konkret olaraq bir ünvan da göstərib. Nərimanov rayonu, Koveroçkin küçəsində yerləşən, Veteranlar Şurasının yerləşdiyi hündürmərtəbəli bina.
Koveroçkindəki yanğını söndürən taksi sürücüsü istintaqa nə danışıb?
Vəkilin məhkəmədə səsləndirdiyi faktı araşdırmaq üçün Koveroçkin küçəsində yerləşən, Veteranlar Şurasının yerləşdiyi hündürmərtəbəli binada olub araşdırma aparmışdıq. Öyrənmişdik ki, yanğını ilk görənlər ərazidəki taksi sürücüləri olub. Məhz onların sayıqlığı nəticəsində Koveroçkin küçəsində planlaşdırılan, hərbçi ailələrinin yaşadığı binanın qəsdən yandırılmasına hesablanan yanğın baş tutmayıb. Koveroçkindəki binadan reportajdan sonra redaksiyamızla əlaqə saxlayan, adının çəkilməməsi şərti ilə “Yeni Müsavat”a danışan yanğın şahidi deyib ki, yanğının qəsdən törədilməsini həmin olayın baş verdiyi əraziyə gələn FHN-in mütəxəssisləri də təsdiqləyiblər.Yanğın neftə batırılmış kəndirlə Veteranlar Şurasının yerləşdiyi binaya bitişik binada törədilib.Binaya qapısındakı jalüzləri açmaqla daxil olan naməlim şəxslər orada neftə batırılmış kəndirlərlə yanğın törədiblər və qaçıblar. Amma binanın üzləndiyi “poliuretan” alışmayıb və bu səbəbdən geniş sahəni əhatə edən yanğın meydana gəlməyib. Vəkil bu fakta görə Nərimanov Rayon Polis İdarəsinin istintaq şöbəsində əmlakın qəsdən yandırılmasına cəhd maddəsi ilə cinayət işi başlandığını da açıqlamışdı. Bina ətrafında uşaq bağçası, Hərbi Prokurorluğun inzibati binasının yerləşməsini də nəzərə alsaq, yanğın üçün məhz həmin ərazinin seçilməsini təsadüf adlandlırmaq çətinləşir.
Məscidi dəli yandırıb?
Vəkilin “silsilə yanğınlara cəhd olub” açıqlamasının izi ilə apardığımız araşdırma düşündüyümüzdən də ilginc detalların üzə çıxmasına səbəb olmuşdu. Hamının gözləri qarşısında baş verən yanğınları birləşdirən, bir zəncirin halqaları olmasını deməyə çox ciddi əsaslar var.
Binəqədidəki yanğından 7 ay əvvəl Bakıda məscid yandırılıb!
2014-cü il noyabrın 26-da Bakıda, Qaraçuxur qəsəbəsində məscidin yandırılmasına cəhd olub. Gecəyarısı 2 şəxs məscidin içinə neft məhsulu ilə doldurulmuş 5-6 ədəd yarımlitirlik şüşə atıblar. Meydana gələn yanğın haqda məscid gözətçisi xəbər verdikdən sonra hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğın söndürülüb.
Sonradan Milli Təhlükəsizlik Nazirliyi yanğını törətməkdə suçlayaraq psixi xəstə Namiq Nəsibovu və Bakı sakini Elnur Ələkbərovu həbs edib. 2016-cı ilin martında N.Nəsibovla E.Ələkbərovun işi üzrə məhkəmə prosesi yekunlaşıb. Məhkəmə prosesi boyu günahsız olduğunu deyən Elnur Ələkbərov hökmün elanı başa çatan kimi özünə xəsarət yetirib. O, hökmə etiraz olaraq, üzərindəki ülgüclə sol qolunu kəsib.Məhkəmədə fəryad edən onun anası Sevda Ələkbərova oğlunun heç bir cinayət törətmədiyi halda, ağır cəzaya məhkum edildiyini bildirib. O, xüsusən keçmiş MTN əməkdaşlarını ittiham edib. Deyib ki, oğluna orada elə işgəncələr veriblər ki, 25 gün ayağa qalxa, hətta ayaqyoluna da gedə bilməyib. N.Nəsibov isə məcburi müalicəyə göndərilib. MTN ləğv olunsa da, məscid yandırılması ilə bağlı bu günədək obyektiv araşdırma aparılmayıb.
Binəqədidəki binada yanğını ilk görən MTN əməkdaşı olub?!
İstintaq şahid ifadəsinə əsaslanıb belə qənaətə gəlib ki, yanğın 16 mərtəbəli binaya bitişik birmərtəbəli tikilinin damında meydana gəlib. Guya damda toplaşan zibilin üzərinə siqaret külü düşüb və 27 saniyəyə binanın üzlüyü alışıb. Apardığımız araşdırma zamanı öyrənmişik ki, yanğının məhz həmin hissədən başlanmasını söyləyən də MTN əməkdaşıdır.
Hadisədən 10 ay sonra Dövlət Ekspertiza İnstitutunun ekspertləri yanğının baş vermə səbəbinə dair rəy verdmişdilər. Rəydə yanğının siqaret çəkən etinasız birinin onun kötüyünü zibil yığınına atması nəticəsində yarandığını ehtimal etmnişdilər. Uğursuz siqaret kötüyü variantını hadisə baş verən yerə ilk gələnlər irəli sürdülər. Bunlar nə yerli icra hakimiyyətinin məmurları, nə də FHN-çi deyildilər. Yanğın yerinə ilk gələnlər o zamankı Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları oldular...
Yanğın yerinə gələn təhlükəsizlik əməkdaşlarının yanğına siqaret kötüyü və zibilliyin səbəb olmasına dair avtoritet rəyi FNH-nin də diqqətindən yayınmayıb. Qəribədir, belə çıxır ki, bu evdə fasadın üzlənməsindən sonrakı son 3 ildə siqaret çəkən olmayıb? Avropa oyunları ərəfəsində həmin o məşum siqareti çəkib binanı külə döndərdilər?
MTN dövriyəyə girir və 2 yanğın törətmək istəyən şəxs yoxa çıxır Binəqədidəki yanğından sonra Azərbyacanın bütün böyük şəhərlərində “drujinnik”lər keşik çəkməyə başladılar. “Drujinnik”lər gecələr binaların həyətlərini dolaşır, şübhəli şəxsləri saxlayır, ehtiyac yarandıqda polisə təhvil verirdilər. 2015-ci il mayın 23-də Gəncədə “drujinnik”lər hündürmərtəbəli binalardan birinin damında şübhəli şəxsləri görüblər. Gizli şəkildə dama çıxan “drujinnik”lər 2 nəfər şübhəlini mühasirəyə salıb tutublar. Hər iki şəxsin əlində tezalışan neft məhsulu ilə dolu kanistrlər olub. Gəncə sakinləri olmayan həmin şəxsləri polisə təhvil versələr də, az keçməyib ki, MTN-in yerli şöbəsi onları polisdən təhvil alıb. Həmin şəxslərin sonrakı taleyi haqda bu gün də məlumat yoxdur. MTN-in rəsmi məlumatları sırasında qurum ləğv edilən günədək Gəncədə 2 təxribatçının saxlanması xəbəri olmayıb. Bilinən odur ki, tutulanlardan biri Samuxdan, digəri isə Dağıstandan olub. Həmin şəxslər haradadır?
30-a yaxın lüks maşını da dəli yandırıb?!
Binqədidəki yanğından 15 gün sonra - iyunun 5-də Bakıda, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində vətəndaşların şəxsi minik avtomobillərinin qəsdən yandırılması faktları qeydə alınıb. Naməlum şəxslər ayrı-ayrı vətəndaşlara məxsus 30-a yaxın bahalı maşının üzərinə net məhsulu tökməklə yandırıblar. Sonradan avtomobilləri yandırmaqda şübhəli bilinən 1979-cu il təvəllüdlü Səfər Zöhrab oğlu Mahmudov saxlanıb. Az keçməyib ki, mətbuatda S.Mahmudovun da Qaraçuxurda məscidi yandırmaq suçu ilə həbs edilən Namiq Nəsibovtək psixi xəstə olması haqda xəbərlər peyda olub. Sabiq milli təhlükəzilik naziri Eldar Mahmudovla eyni familiyanı daşıyan Səfər Mahmudovun həbsindən sonra da Qaraçuxurda yenə bir neçə maşın yenə yandırılıb. Sakinlər təşviş içində gecələri maşınlarının yanında keçirməli olublar. Bu hadisə qəsəbənin Yaşar Əliyev küçəsində qeydə alınıb.Yandırılan maşınlar əsasən “Toyota”, “BMV”, “Mercedes”, “Ford” markalı lüks maşınlar olub. S.Mahmudov dəlidirsə, niyə məhz bahalı maşınları yandırıb?
MTN-ə uzanan alov dilləri
Göründüyü kimi, Binəqədidəki məşum olayla bağlı ən vacib şahid ləğv olunmuş MTN əməkdaşıdır. Qaraçuxurdakı məscidin yandırılmasında MTN-in adı cinayəti günahsız şəxslərin boynuna qoymaqda keçir. Gəncədə əllərində yandırıcı maddə ilə dolu kanistirlərlə gecəyarısı damları gəzən şəxsləri MTN yoxa çıxarıb. Nə baş verir? Niyə Azərbaycanı təşviş içində saxlayan alovun dilləri məhz bu quruma uzanır?
Ən nəhayət...
Məhkəmə araşdırmaları zamanı məlim olmuşdu ki, binanın üzləndiyi poliuretan odadavamlı olub. Siqaret kötüyündən əmələ gələn yanğın poliuretan üzlüyün bir anın içində kibrit çöpütək alışması sadəcə mümkün deyildi. Poliuretan üzlüyün ö şəkildə yanması üçün xüsusi şərtlər olmalıdır. Üzlük yandırıcı maddə - benzin və bu kimi tezalışan maddə ilə “işləndiyi” halda yana bilərmiş. Məhkəmədə bu xüsusata fikir verən olmadı və müvafiq olaraq məşum cinayət binanın külündə itdi-batdı.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com