10 il əvvəl qəzada öldüyü deyilən azərbaycanlı biznesmen İstanbulda tutuldu    

2013-cü ildə Azad İsayevin Türkiyədə yol qəzasında ölməsinə dair məlumatlar yayılmışdı - bəs Türkiyə polisinin saxladığı iş adamı ilə Röya Ayxanın nə münasibəti?  

Azərbaycanlı iş adamı Azad İsayev Türkiyədə həbs edilib. Lent.az saytının yazdığına görə, İstanbulun Bakırköy və Küçükçekmece qəsəbələrində iki fərqli dələduzluq şikayəti üzrə prokurorluqda araşdırma başlayıb. İki fərqli məhkəmədə aparılan araşdırma zamanı qəribə faktlar ortaya çıxıb.

Belə ki, Küçükçekmece prokurorluğunda aparılan araşdırma zamanı saxlanılan Azad İsayevin üzərindən Albaniya vətəndaşı pasportu tapılıb. Onun həm də Rusiya vətəndaşlığını daşıması və ad-soyadının da Həmzət İsmayılov olması üzə çıxıb. O, özü bu faktı təsdiqləyib. 

Bakırköy məhkəməsində isə bir qadının onun barəsində şikayətinə baxılıb.  Azərbaycanlı iş adamı qadından  borc aldığı pulu geri qaytardığını deyib. Bakırköy məhkəməsi tərəfindən onun barəsində həbs qərarı verilib.

Daha sonra prokurorluqda və məhkəmədə aparılan araşdırma zamanı maraqlı faktlar ortaya çıxıb. İddiaya görə, saxlanılan şəxs əslində bir vaxtlar Azərbaycan tərəfindən dələduzluğa görə İnterpola verilən iş adamı Azad İsayevdir. Həbs edilən azərbaycanlı isə israrla Azad İsayev olmadığını iddia edib. “Uşaq ikən mənə Azad deyirdilər. İş gördüyüm adamlar arasında məni Azad kimi tanıyırdılar”. 

Qeyd edək ki, azərbaycanlı iş adamı Azad İsayev İnterpol xətti ilə axtarışdadır. A.İsayevin 2 milyon manat məbləğində dələduzluq etdiyi bildirilir.

Xatırladaq ki, hələ o zamanlar dələduzluq ittihamı ilə beynəlxalq axtarışa verilən Azad İsayevin müğənni Röya ilə qeyri-rəsmi münasibətlərinin olmasına dair mediada da məlumatlar yayılıb. Azad İsayev həmçinin Röyanın “Sevgiyə bax”, “Son görüş” ,"Ağla" və digər mahnılarının sözlərinin müəllifidir.

Onu da qeyd edək ki, 2013-cü ildə Azad İsayevin Türkiyədə yol qəzasında ölməsinə dair məlumatlar yayılmışdı. 

Ən yaxşı ssenari müəllifi mükafatını Elvin Elxan qazandı (FOTO)

Elvin Elxan

Röya Ayxanla bağlı yayılan iddialar barədə müğənninin mətbuat katibi Elvin Elxan “Yeni Müsavat”a danışıb. O qeyd edib ki, mətbuatda yayılan məlumatlar tamamilə əsassızdır: “Azad İsayevlə  Röya Ayxan arasında heç bir münasibət olmayıb. Sadəcə, illər öncə Röya Ayxan onun sözlərinə yazılmış "Ağla" mahnısını ifa edib. Mahnının uğurlu alınmasını birgə qeyd edərkən mətbuatda yayılan fotonu çəkdiriblər. Özünüz də müşahidə edirsiniz ki, onların birlikdə cəmi bir fotosu var. Yəni Röya Ayxanla Azad İsayev arasında hansısa münasibətdən söz gedə bilməz. Onların işbirlikləri 8 il bundan əvvəl bitib. Bundan sonra münasibətləri tamamilə soyuyub, heç bir əlaqələri olmayıb. Çox təəssüf ki, bu gün Azad İsayevin həbsi ilə bağlı məlumatlarda xalq artistinin adı hallanır. Bu, tamamilə yolverilməzdir". 

Xalidə GƏRAY
“Yeni Müsavat”

15.12.2023 12:07
1610