1 May bayramı - Azərbaycan bu bayramdan nə zaman və niyə imtina edib?

1 may bir çox ölkələrdə “Beynəlxalq zəhmətkeşlər bayramı” kimi qeyd olunur.

Hazırda dünyanın 100-dən artıq ölkəsində ictimai bayram kimi, 70-ə yaxın ölkəsində isə dövlət səviyyəsində rəsmi bayram günü olaraq qeyd edilir. Onların arasında Rusiyanı, o cümlədən işsizliyin daha çox yer aldığı İspaniya, Portuqaliya, Yunanıstan, həmçinin Çexiyanı qeyd etmək olar. ABŞ və Yaponiyada 1 may bugünkü tarixdə deyil, başqa təqvimdə qeyd edilir.

Qeyd edək ki, əksər 1 May nümayişləri dinc şəkildə və insidentsiz başa çatsa da, bəzən planlı qarşıdurmalar da müşahidə olunur. Bəzi ölkələrdə bayram günü nümayişə çıxan işçilərin qanı tökülür. İndiyə kimi 1 May nümayişlərində 1000-dən çox insan öldürülüb.

1 Mayın tarixi nə zaman yarandı?

İlk dəfə 1856-cı ildə Avstraliyada 8 saatlıq iş gününün tətbiq edilməsi ilə bağlı proletar bayramının qeyd olunması ortaya çıxıb. Bu ölkədə yerli işçilər artıq toplantı və əyləncə ilə əlaqədar səkkiz saatlıq iş gününün lehinə nümayiş olaraq bir günlük özlərini tamamilə işdən azad etməyi qərara alıblar. Bununla da proletar bayramı ortaya çıxıb, daha sonra digər ölkələrə yayılıb və getdikcə bütün proletar dünyasını fəth edib. Avstraliyalı əməkçilərin bu nümunəsini daha sonra amerikalılar təkrarlayıb. Belə ki, 1 may 1886-cı ildə, demək olar ki, bütün sənaye mərkəzlərində – Nyu-York, Çikaqo, Filadelfiya və Baltimorda 200 mindən çox işçi boykota başlayıb. Çikaqoda 80 min fəhlə haqları olan "8 saatlıq iş günü" tələbi altında sıx sıralarla möhtəşəm yürüş keçirib.

Ümummilli boykotun və aksiyaların yayılmasından qorxan sahibkarlar silahlı əsgərlərlə yanaşı, həm də casus provakatorlar tutaraq hücuma keçib. 3 may günü "McCormic" fabrikinin qarşısında onlara qatılmayan digər işçiləri boykota qoşulmağa çağıran silahsız işçilərə atəş açılıb və bir işçi öldürülüb. İşçilər bu qanlı hadisəni protest etmək üçün mitinq keçirmək qərarına gəliblər.

4 may günü işçilər daha güclü bir mitinq təşkil ediblər. Mitinqin qurtarmasına az qalmış yüzlərlə polis meydana girib. Bir az sonra isə mənşəyi və haradan gəldiyi bəlli olmayan bir bomba polislərin olduğu yerə düşüb. Bomba atılandan sonra mitinq bölgəsi qanlı savaş meydanına çevrilib. İşçilər güllə yağışına tutulublar. 4 işçi və 7 polis ölüb, onlarla işçi isə yaralanıb. Həmkarlar ittifaqlarının sədrləri və işçi hərəkatının 8 lideri tutulub.

Məhkəmədən sonra fəhlə hərəkatının liderlərindən olan 4 şəxs – Avgust Spies, Albert Parsons, Corc Engel və Adolf Fişer edama məhkum ediliblər.

1889-cu ilin iyulunda Parisdə toplanan II İnternasionalın 1-ci Konqresində 1 May tarixi dünya zəhmətkeşlərinin birlik, mübarizə günü olaraq qəbul edilib. Hər ilin 1 may tarixini mitinqlər, aksiyalar və boykotlarla qeyd etmək qərarı alınıb. Sovet İttifaqında bu bayram dünyada ən möhtəşəm səviyyədə keçirilirdi. Mayın 1-də şəhərlərdə böyük nümayişlər keçirilər, möhtəşəm bayram əhval-ruhiyyəsi hökm sürərdi. Peşəsində fərqlənən əməkçilərə mükafatlar, fəxri adlar verilər, Sovet İttifaqının paytaxtına – Moskvaya dünyanın bütün ölkələrindən dəvət olunan qonaqlara sosializmin nəyə qadir olduğu nümayiş etdirilərdi.

Azərbaycan bu bayramdan nə zaman və niyə imtina edib?

Xatırladaq ki, Azərbaycanda 1920-ci ildən başlayaraq, 1 May Azərbaycanda da rəsmi bayram günü kimi qeyd olunub. Lakin hələ 1919-cu ildə əməkçilər 1 May bayramı qeyd ediləndə dövlət başçısı Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə ADR hökuməti bu bayramda fəal iştirak edib. Onlar bu bayramın sinfi qarşıdurma yaradan amil kimi qiymətləndirilməsini rədd edirdilər.

1992-ci ildə mərhum sabiq prezident Əbülfəz Elçibəyin göstərişi ilə 1 Mayın rəsmi səviyyədə qeyd edilməsinə son qoyulub - sovet ideologiyasının atributlarından biri olduğuna görə. Ölkəmizdə bu tarixi sadəcə kommunist partiyalarının üzvləri kiçik bir yürüşlə qeyd edir.

Xalidə Gəray
Musavat.com

01.05.2024 09:39
1066